...

Azərbaycanın müxalifətçi lideri Qərbin ölkədəki vəziyyətlə bağlı narahatlığının artdığını iddia edir

Siyasət Materials 27 İyun 2008 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun/ Trend , müxbir E.Babayev /Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyası hesab edir ki, Qərbin Azərbaycandakı vəziyyətdən narahatlığı daha da artıb. "Artıq ABŞ Dövlət Departamenti səviyyəsində bildirilir ki, Azərbaycanda tendensiya mənfiyə doğru gedir", Trend -un məlumatına görə, cümə günü AXCP sədri Əli Kərimli Bakıda səfərdə olan Amerika nümayəndə heyətinə, dövlət katibinin demokratiya və insan haqları üzrə müavini Devid Kremerlə görüşdən sonra deyib.

Trend -un arayışı: Bu günAzərbaycanla Amerika arasında demokratiya dialoqu başlayır. Bu sayca 3-cü dialoqdur. Amerika nümayəndə heyətinə dövlət katibinin demokratiya və insan haqları üzrə müavini Devid Kremer başçılıq edir.

Azərbaycan rəsmiləri, QHT nümayəndələri ilə görüşdə əsasən prezident seçkisi, medianın vəziyyəti müzakirə olunacaq. Kremer cümə günü bir sıra müxalifət liderləri ilə görüşüb.

Amerika-Azərbaycan demokratiya dialoqları 2006-cı ilin dekabrında başlayıb. Bununla əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov 2007-ci ilin martında Vaşinqtonda olub. Ötən ilin avqustunda isə iki ölkə arasında virtual əlaqə - XİN-lə Dövlət Departamenti arasında telekörpü yaradılıb.

Kərimli bildirib ki, Azərbaycanda demokratiya sahəsində vəziyyətin pis olması həmişə olduğu kimi "Fredom Haus" kimi təşkilatlar səviyyəsində deyil, Avropa Şurası, ABŞ Dövlət Departamenti səviyyəsində bildirilir. "Bununla belə, birmənalı şəkildə onu bildirmək lazımdır ki, Azərbaycanın demokratikləşməsində həlledici rol xalqa məxsusdur. Amma beynəlxalq təşkilatlar demokratik şəraitin yaranmasında rol ala bilərlər. Çox təəssüf ki, hazırda onların etdikləri kifayət deyil. Ancaq açıq etiraf etmək lazımdır ki, beynəlxalq təşkilatların münasibəti əvvəlki illərdən daha prinsipialdır. Paradoksal bir vəziyyət yaranıb. Azərbaycan xalqı demokratiya uğrunda daha aktiv mübarizə apardığı mərhələdə beynəlxalq təşkilatlar birmənalı şəkildə hakimiyyətin yanında idilər. İndi beynəlxalq təşkilatlar demokratiya tələb etməyə başladığı bir mərhələdə Azərbaycan xalqı özü, biz müxalifət də daxil olmaqla demokratiya uğrunda mübarizədə çox aktiv deyil. Beynəlxalq birliyin Azərbaycana diqqəti artıb. Başa düşürlər ki, demokratiya sahəsində irəliləyiş olmasa, təhlükəsizlik və enerji sahəsində əldə olunmuş irəliləyişlər təminatlı deyil", - deyə o bildirib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə isə cümə günü Trend -a bildirib ki, Azərbaycan müxalifəti problemin həllini xalqda deyil, xarici qüvvələrdə axtarır. Bu, onunla bağlıdır ki, müxalifətin sosial bazası yoxdur və cəmiyyət tərəfindən dəstəklənmir. "Müxalifət arzularını ayrı-ayrı beynəlxalq qurumların rəyi kimi ifadə edir. Azərbaycanda demokratiya sahəsində geriləmə olsaydı, ölkəyə diqqət artmazdı", - Mirzəzadə əlavə edib. Onun sözlərinə görə, beynəlxalq təşkilatların Azərbaycana diqqəti ona görə artıb ki, ölkədə bütün sahələrdə ciddi irəliləyişlər var. "Azərbaycanın demokratik müxalifət problemi var", - YAP-çı funksioner deyib.

Müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti