Azərbaycan, Bakı, 09 iyul/ Trend müxbir İ.Əlizadə/ ATƏT Azərbaycanda oktyabr ayında keçiriləcək prezident seçkilərinə hazırlıq prosesini müsbət qiymətləndirir.
"ATƏT prezident seçkiləri ilə bağlı Azərbaycanla sıx əmkdaşlıq edir və bu əməkdaşlıqdan razıdır", çərşənbə günü Bakıda Trend a açıqlamasında Azərbaycanın ATƏT yanında nümayəndəsi Fuad İsmaylov bildirib.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.
Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları seçkidə İlham Əliyevin namiəzdliyini müdafiə etmək qərarı veriblər.
İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.
İsmaylov qeyd edib ki, ATƏT prezident seçkilərinə hazırlıq prosesinə konstruktiv yanaşır.
"Əgər hər hansı problem yaranarsa ATƏT Azərbaycan tərəfi ilə müzakirələr aparıb bu məsələləri həll edirlər. Hazırki mərhələdə problem yoxdur", deyə o bildirib.
O vurğulayıb ki, ATƏT-in seçkilərlə bağlı qiymətləndirmə missiyası Azərbaycana səfər edib və vəziyyətlə tanış olub.
"Əgər Azərbaycan höküməti dəvət edərsə, ATƏT prezident seçkilərini müşahidə etmək üçün beynəlxalq missiya göndərəcək. Rəsmi Bakı ATƏT müşahidəçilərini dəvət edəcək və ATƏT bu seçkiləri müşahidə etməyə hazır olduğunu bildirib", deyə o əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]