...

"Seçkilərdə ikinci tur haqqında söhbət etmək belə yersizdir" - Azərbaycanın hakim partiyasının sədr müavini

Siyasət Materials 2 Avqust 2008 10:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 avqust / Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) bəyan edib ki, bu il keçiriləcək prezident seçkilərində ikinci turun olacağı barədə proqnozlar özünü doğrultmayacaq. "İkinci tur haqqında söhbət etmək belə yersizdir. Azərbaycanın hər bir vətəndaşı prezident İlham Əliyevin namizədliyini müdafiə edir və alternativ hansısa bir namizəd haqqında düşünən belə yoxdur", şənbə günü Trend -a YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov bildirib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Bəzi müxalifət partiyaları seçkidə ikinci turun olacağını proqnozlaşdırırlar.

Əhmədov vurğulayıb ki, İlham Əliyev ötən seçkilərdə topladığı səslərdən çox səs toplayacaq. "Ən azı ona görə ki, bu 5 ildə İlham Əliyev Azərbaycanın inkişafı üçün böyük xidmətlər göstərib və xalq bu xidmətləri yüksək qiymətləndirir. Bu baxımdan seçkilərə start verilməmişdən hələ xeyli öncə hər bir vətəndaş İlham Əliyevə səs verəcəyini düşünürdü. Bu günlərdə Azərbaycan vətəndaşlarının bir rəyi var, bu da İlham Əliyevin namizədliyini müdafiə edib, ona səs verməkdən ibarətdir", - deyən YAP-ın sədr müavini bildirib ki, Azərbaycan seçiciləri çoxdan qarşıdan gələn seçkilərlə bağlı özlərinin rəyini və münasibətlərini açıq şəkildə ifadə ediblər. "Biz inanırıq ki, Azərbaycan xalqı qarşıdan gələn prezident seçkilərində ənənəsinə uyğun olaraq müdrik qərarını qəbul edəcək, prezident İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyəcək və növbəti 5 ildə də Azərbaycanın sürətli inkişafına özünün töhfəsini vermiş olacaq", - deyə o əlavə edib.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti