...

Əbu Bəkr məscidində partlayışla bağlı Bakı polisinin kriminalisti həbs olunub

Siyasət Materials 21 Avqust 2008 12:08 (UTC +04:00)
Əbu Bəkr məscidində partlayışla bağlı Bakı polisinin kriminalisti həbs olunub

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan paytaxtının Səbail rayon Polis İdarəsinin kriminalisti qanunsuz silah saxladığı üçün həbs olunub.

Bakının Səbail rayon Prokurorluğundan Trend -a verilən məlumata görə, kriminalist Əli Axundov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə Trend -a bildirib ki, polis əməkdaşının xidməti otağından qanunsuz saxladığı silah-sursat və dini ədəbiyyat aşkarlanıb. Axundov barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib və ona qarşı Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, saxlama, daşıma və gəzdirmə (228-ci) maddəsi ilə ittiham elan olunub.

Mənbənin bildirdiyinə görə, Axundov Əbu Bəkr məscidində bir neçə gün öncə baş vermiş partlayışla əlaqədar məlumatlar toplayırmış. Polis əməkdaşının həmçinin sələfilər təriqətinə etiqad etdiyi də bildirilir.

DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Axundovun həbsi ilə bağlı onlarda məlumat olmadığını deyib.

Avqustun 17-də saat 20.50 radələrində Bakıda, Ü.Bünyadzadə küçəsində yerləşən Əbu Bəkr məscidində partlayış olub.

Naməlum şəxs məscidin pəncərəsini daşla sındıraraq, iki ədəd RQD-1 əl qumbarasını məscidin içərisinə atıb.

Rəsmi məlumata görə, hadisə zamanı 2 nəfərin öldüyü, 11 nəfərin xəsarət aldığı bildirilir. Qeyri-rəsmi mənbələr isə 3 nəfərin öldüyünü bildirir.

Hadisə ilə bağlı Astara şəhər sakini, 1986-cı il təvəllüdlü Rəsulov Emin Aydın oğlu şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə (milli, irqi və ya dini düşmənçiliyin təhriki) cinayət işi açılıb.

Partlayış faktı ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla qəsdən adamöldürmə (120.2.4), iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228) maddələri ilə cinayət işi açılıb.

Əbu Bəkir məscidində əsasən sələfilər təriqətinə mənsub şəxslər ibadət edirlər. Bu il Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məsciddə əməliyyat keçirmiş və nəticədə yayılması qadağan olunan dini kitablar müsadirə olunmuşdu.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti