...

Azərbaycan prezidentinin ştandartı (bayrağı) haqqında ölkə prezidenti fərman imzalayıb

Siyasət Materials 15 Sentyabr 2008 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Azərbaycan prezidentinin ştandartı (bayrağı) haqqında Fərman imzalayıb.Fərmanda deyilir ki,

ştandart Azərbaycan Respublikası prezidentinin rəsmi simvoludur, bayrağın etalonu Prezident Sarayında yerləşən xidməti otaqda saxlanılır, onun ştandartının (bayrağının) dublikatı Prezident Sarayının və Prezidentin iqamətgahlarının üzərində, onlarda ölkə başçısının iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salon və otaqlarda, Prezident digər iqamətgahlarda olduğu müddətdə həmin iqamətgahların üzərində, Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilən rəsmi tədbir və digər mərasimlər zamanı həmin tədbirin keçirildiyi binanın üzərində və ya həmin tədbirin keçirildiyi salonda (otaqda), Azərbaycan Respublikası Prezidentinin nəqliyyat vasitələri üzərində qaldırılır (asılır) və ya yerləşdirilir.

Bayraq ikiüzlü qumaş, eni bərabər olan üç üfüqi rəngli zolaqdan ibarət kvadrat formasındadır. Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun olaraq, ştandartın qumaşının yuxarı zolağı mavi rəngdə, orta zolağı qırmızı rəngdə, aşağı zolağı yaşıl rəngdədir. Qumaşın hər iki üzündə, qırmızı zolağın ortasında Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilib. Qumaş qızılı saçaqlarla haşiyələnmişdir. Prezident ştandartının (bayrağının) dirəyinin üzərinə Azərbaycan Respublikası Prezidentinin soyadı, adı, atasının adı və onun prezident seçildiyi müddəti əks etdirən tarixlər həkk olunmuş gümüş bənd bərkidilir. Ştandartın dirəyi aypara ilə səkkizguşəli ulduz tipli metal başlıqla örtülür. Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) müxtəlif ölçülərdə ola bilər.

Xəbər lenti

Xəbər lenti