Türkiyənin xarici ticarət üzrə dövlət naziri Kürşat Tüzmən dünya iqtisadi böhranının Türkiyə üçün böyük təhlükə yaratmadığını bildirib. Tüzmən bunu Türkiyə iqtisadiyyatının ABŞ-ın iqtisadiyyatı kimi qlobal həcmdə olmaması ilə əlaqələndirib. Bu haqda Türkiyənin HABER 7 informasiya agentliyi məlumat verib.
Nazir hətta Türkiyənin bu böhrandan müəyyən qədər öz mənafeyi naminə istifadə etməsi mümkünlüyünü də qeyd edib. Tüzmən sərmayələrin ABŞ-dan və böyük iqtisadiyyata malik digər ölkələrdən riskin daha az ehtimal olunduğu ölkələrə axın edəcəyini bildirib.
"Türkiyə bu cür sabit mövqeyini qoruyub saxlaya bilsə, həqiqətən də xarici sərmayələr üçün yaxşı sığınacaq və limanlardan biri olacaq", - deyə nazir əlavə edib.