Fransa, Strasburq 29 sentyabr / Trend , müxbirlər İ.Əlizadə, A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda prezident seçkisinin Avropa Şurasının prinsiplərinə uyğun keçiriləcəyinə ümid edir. "Biz Azərbaycan hökumətini Avropa Şurasının hesabatlarına əməl etməyə çağırmışıq və buna görə də, məhbusların gələcəkdə də azad edilməsi prosesi, ümumilikdə demokratiyanın tamamilə bərqərar olması və qarşıdakı prezident seçkisinin Avropa Şurası prinsiplərinə uyğun şəkildə keçirilməsinə ümid edirəm", - bu barədə bazar ertəsi Strasburqda keçirdiyi mətbuat konfransında AŞPA prezidenti Luis Maria de Puç bildirib.
Trend - un arayışı: Bazar ertəsi Strasburqda AŞPA - nın payız sessiyası başlayıb.
Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
AŞPA prezidenti bildirib ki, bu yay Azərbaycanda səfərdə olub: "Mən bu səfər zamanı ölkə başçısı, Baş nazir və bütün adiyyatı dövlət qurumlarından Avropa Şurasının qəbul etdiyi hesabatlara əməl etməyi xahiş etmişəm. AŞPA demokratiya ilə bağlı vəziyyəti öyrənib və siyasətçilərin, jurnalistlərin azad edilməsi istiqamətində müəyyən tələblər də irəli sürüb. Mən hətta, ölkə prezidentindən bunların həll ediləcəyi haqda təminat da almışam. Bu yaxınlarda məlumat almışam ki, 80 nəfər insan həbsxanadan azad edilib".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]