...

Milad teleqülləsi: İranda ilk, dünyada isə hündürlüyünə görə dördüncü teleqüllə

Siyasət Materials 9 Oktyabr 2008 17:04 (UTC +04:00)

İranın paytaxtı Tehran şəhərində hündürlüyünə görə dünyada dördüncü yeri tutan teleqüllənin açılış mərasimi keçirilib. Qüllə Tehranın şimal-qərbində yerləşir və hündürlüyünə və fərqli quruluşuna görə şəhərin müxtəlif nöqtələrindən aydınca görünür.

İranın İRNA agentliyinin məlumatına əsasən, "Milad" adlanan teleqüllənin hündürlüyü 435 metrdir. Milad teleqülləsi ilk olaraq KİV nümayəndələri və xüsusi qonaqlar üçün açıq elan edilib, 2009-cu ilin fevralında isə qüllənin rəsmi açılış mərasimi keçiriləcək.

Teleqüllə 14 hektarlıq yüksək ərazidə tikilib və Tehran şəhərinin Himmət, Çəmran, Həkim və Şeyx Fəzlullah prospektlərinin kəsişməsində yerləşir. Teleqüllənin tikintisi üçün Tehranın 17 məntəqəsində texniki araşdırmalar aparılıb və sonda hazırkı ərazi seçilib. Araşdırmalar televiziya, rabitə, tikinti, iqtisadiyyat, memarlıq və metreologiyanın peşəkar mütəxəssisləri tərəfəndən aparılıb.

Tehranın mərkəzində şəhərin simvolu olaraq teleqüllənin tikilməsi ilə bağlı təklif 1991-ci ildə Tehranın o zaman icra başçısı olan Qulamhüseyn Kərbasçi tərəfindən irəli sürülüb. 1992-ci ilin sonunda isə teleqüllənin tikintisinə başlanılıb.

Hündürlüyünə görə dünyanın dördüncü ən böyük teleqülləsi olan "Milad"ın tikintisinə 17 il öncə başlanıb və 6 il gecikmə ilə tikinti işləri artıq tamamlanıb. Gecikmənin əsas səbəblərindən biri İranın uranı zənginləşdirmə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən bu ölkəyə qarşı tətbiq edilən iqtisadi sanksiyalar nəticəsində Tehran şəhərinin maliyyə vəziyyətinin ağırlaşması olub.

Milad teleqülləsində müasir televiziya və radio ötürücüləri və digər rabit avadanlıqları quraşdırılıb. İranlılar görünüşünə görə nadir olan bu qüllənin köməyi ilə ölkəyə turist axınının artacağına da ümid edirlər. Qüllədə həmçinin 500 nəfərlik öz oxu ətrafına fırlanan restoran mövcuddur. Teleqüllənin layihəsinə əsasən, qüllənin ətrafında artıq mehmanxana və beynəlxalq konfransların keçirilməsi üçün mərkəz də yaradılır.

Xəbər lenti

Xəbər lenti