Gürcüstan, Tbilisi, 16 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın ədliyyə naziri Nika Qvaramiya Haaqa məhkəməsinın Gürcüstanın Rusiyaya qarşı qaldırdığı iddia ilə bağlı qəbul etdiyi qərarını "Gürcüstan tərəfinin daha bir qələbəsi" adlandırıb.
Qvaramiya rəsmi bəyanatında qeyd edib ki, "Haaqa tribunalının səkkiz ölkəsi üzrə hakimlərin əksəriyyəti Gürcüstanın xeyrinə qərar qəbul edib".
"Haaqa tribunalı tərəfindən qəbul edilən qərarda təsdiq edilib ki, Gürcüstanın münaqişə zonalarında yaranmış idarə olunmaz proseslərə görə məsuliyyət Rusiyanın üzərinə düşür. Rusiya göstərilən ərazilərə humanitar yüklərin göndərilməsinə maneə törətməməlidir", - deyə nazir bildirib. O, Gürcüstanın bu gün hüquq müharibəsində qalib gəldiyini əlavə edib.
Nazirin izah etdiyinə görə, Haaqa məhkəməsi tərəfindən qoyulmuş öhdəliklərin pozulacağı təqdirdə, Rusiya beynəlxalq hüquq prinsipləri üzrə cavab verəcək.
"Böyük Britaniya, ABŞ, Yaponiya, Almaniya, Fransa, Yeni Zelandiya, Meksika və İtaliyadan olan hakimlər Gürcüstanın xeyrinə qərar qəbul ediblər ki, bu həqiqətən də təbrikə layiqdir. Əsas odur ki, Haaqa beynəlxalq məhkəməsi Gürcüstanın qaldırdığı iddianı nəzərdən keçirməyi mütləq davam etdirəcək ki, bu da bizi arzuladığımız nəticələrə çatdıracaq", - deyə Qvaramiya bildirib və əlavə edib ki, "Haaqa tribunalı tərəfindən qəbul olunan qərar təkcə məsuliyyəti Rusiynanın üzərinə qoymur".
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]