Ukrayna, Kiyev, 31 oktyabr / Trend müxbir Z.Novosvitskiy/ Ukraynanın Ali Radası cümə günü keçirdiyi iclasında növbədənkənar parlament seçkilərinin keçirilməsinə vəsait ayrılmasına dair qanun layihəsini təsdiq etmədi.
Radanın gündəliyinə müvafiq qanun layihəsini "Bizim Ukrayna - Xalq özünümüdafiə" fraksiyasından deputat Ksenya Lyapina irəli sürmüşdü.
Bu layihənin lehinə yalnız 189 deputat səs verib. Qeyd edək ki, sənədin Radada təsdiq olunması üçün qeydiyyata düşmüş 363 deputatdan 226-sı qanunu dəstəkləməli idi.
Xatırladaq ki, cümə günü, səhər "Bizim Ukrayna - Xalq özünümüdafiə" fraksiyasından olan deputatlar, anti-böhran qanun layihəsində parlamentə növbədənkənar seçkilərin keçirilməsi üçün maliyyə vəsaitinin ayrılmasını dair düzəlişi nəzərə almağa çağırmışlar. Yuliya Timoşenko Blokunun deputatları isə, etiraz əlaməti olaraq Rada tribunasını bağlamışlar.
İki gün əvvəl Ali Radanın deputatları müvafiq qanun layihəsinə düzəlişi təsdiq etməkdən imtina ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]