Azərbaycan, Bakı, 05 noyabr / Trend , müxbir İ.Əlizadə / Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) müxalifətlə heç bir şərt irəli sürmədən dialoqa hazırdır.
"Şərt irəli sürməklə dialoq aparmaq olmaz. Hansısa partiya şərt irəli sürüb, YAP-la dialoq aparmaq istəyirsə, bizim onlarla dialoqumuz baş tutmayacaq", - çərşənbə günü Trend -a YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
Trend -un arayışı: 2005-ci ilin parlament seçkiləri ərəfəsində ATƏT-in Bakı Ofisinin vasitəçiliyi ilə müxalifət, hakim və hakimiyyətyönlü partiyalar arasında bir necə görüş keçirilib. Sonradan dialoqu davam etdirmək mümkün olmayıb. Bu il oktyabrın 15-də keçirilən prezident seçkisində bir neçə müxalifət partiyası YAP-ın namizədini dəstəkləyib. Seçkidən sonra YAP-ın bu partiyalarla dialoqu məsələsi yenidən gündəmə gəlib.
Novruzov bildirib ki, hakim partiya həmişə müxalifətlə dialoqun tərəfdarı olub. "Prezident İlham Əliyev həm birinci, həm də ikinci dəfə bu vəzifəyə seçiləndə bəyan edib ki, hər bir azərbaycanlının prezidentidir. Prezident bəyan edib ki, Azərbaycanda vətəndaş həmrəyliyi və birliyi var, bunun daha da möhkəmləndirilməsi üçün lazımi addımlar atılacaq. YAP da həmişə müxalifət partiyaları ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib", - deyə o əlavə edib.
YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]