Azərbaycan, Bakı, 10 noyabr/ Trend müxbir Ü.Sadıqova/ ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamanın ABŞ qoşunlarının İraqdan çıxarmaq barədə qərarı çox ehtimal ki, Amerika hərbi kontingentinin sayının azaldılması ilə məhdudlaşacaq. Ekspertlər hesab edir ki, ABŞ beş illik hərbi əməliyyatlardan sonra qoşunlarını dərhal çıxararsa, bu Bağdadın təhlükəsizlik siyasətini pozar, ABŞ-ın beynəlxalq imicinə isə güclü zərbə vurar. "ABŞ İraqa çox böyük məbləğdə pul yatırıb. İraqın ABŞ-dan iqtisadi və siyasi asılılığı Vaşinqtonun Yaxn Şərqdəki rolunun vacib olduğunu göstərir", - iraqlı politoloq Saleh Kaabi Bağdaddan telefonla Trend -a bildirib. ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama seçkiqabağı kampaniya zamanı Amerika qoşunlarının İraqdan çıxarılması məsələsini əsas məsələlərdən birinə çevirib. Obamanın Ağ Evdəki komandasının rəhbərlərindən biri Con Podestin sözlərinə görə, prezident vəzifəsində Obama ABŞ-ın bütün hərbi bölmələrinin İraqdan 2010-cu ilin ortalarınadək çıxarılması planına riayət etmək niyyətindədir, - CNN xəbər verib. "ABŞ-a üçün İraqda əməliyyatların keçirilməsi üçün ayrılmış 10 mlrd. dolların sərf edilməsini dayandırmaq lazımdır. Biz ölkədə təhlükəsizlik və sabitliyə nail olaraq bundan imtina etməliyik", - Podest bazar ertəsi mətbuat konfransında bildirib. Obamanın qoşunların İraqdan çıxarılması haqqında bəyanatına baxmayaraq, bu hər iki ölkə üçün qeyri-mümkündür. Belə ki, bu halda İraqın müqavimət qruplaşmaları öz fəaliyyətlərini daha da genişləndirəcək və terror aktlarının çoxalması ehtimalı artacaq.
Yalnız bu gün səhər Bağdadda baş verən terror aktı nəticəsində 31 nəfər həlak olub və onlarla insan yaralanıb. Bundan əlavə, qoşunlar çıxarılarsa Amerika qüvvələrinə ciddi zərbə endirilə bilər və Vaşinqtonun hərbi kampaniyası nəticəsiz başa çatar.
"Nuri əl-Maliki hökuməti Ali Təhlükəsizlik Şurası yarada bilərsə və qonşu ərəb ölkələri, həmçinin Türkiyə ilə sərhədlərini müəyyən edərsə, Obamanın qoşunların çıxarılması haqqında sözləri real olacaq. Əks halda, sabitlik barədə söhbət belə gedə bilməz", - Amerikanın Sülh İnstitutunun (American Institute of Peace) eksperti Ceyson Glak (Jason Gluck) Vaşinqtondan telefonla Trend -a bildirib. ABŞ-ın hazırki prezidenti Corc Buşun Obamanın Birləşmiş Ştatların qoşunlarının İraqdan çıxarılması barədə qərarına təsiri də istisna edilmir. Buşun mənsub olduğu respublikaçılar partiyası Amerika xalqının İraqdakı müharibədən narazı olmasına baxmayaraq, qoşunların çıxarılmasının əleyhinədir. Kampaniya zamanı qoşunların İraqdan çıxarılmasının lehinə çıxış edən Obama, müharibənin Buşun böyük səhvi olmasını və bu səhvin düzəldilməsinin zəruri olduğunu hesab edən Amerika xalqının ümumi əhval-ruhiyyəsini ifadə edirdi, - müstəqil ərəb analitik Rəmzi Barud (Ramzy Baroud) hesab edir.
Onun rəyinə görə, hazırda Obamanın ABŞ qoşunlarının çıxarılmasının İraqın təhlükəsizliyinə zidd olduğunu söyləyərək bu addımdan imtina etməsində təəccüblü heç bir şey yoxdur.
"İraq hökuməti bilir ki, Obamanın hakimiyyətə gəlməsi ABŞ-ın daxili və xarici siyasətində dəyişikliklərə gətirsə də, bunun İraqa aidiyyatı yoxdur", - iraqlı ekspert Kaabi bildirib.
Ekspert hesab edir ki, beşillik müharibə İraqın təhlükəsizliyini Amerika qüvvələrindən asılı vəziyyətə salıb və Bağdadın hərbi qüvvələrini ABŞ-ın dəstəyi olmadan təsəvvür etmək çətin olacaq. Bununla əlaqədar ABŞ, qoşunların İraqda qalması müddətini uzatmaq üçün Bağdadın təhlükəsizlik qüvvələrinin zəifliyindən istifadə edə bilər. Yeni prezident Barak Obama da buna istinad etməsi ehtimalı var.
"Prezidentliyə namizəd və prezident seçilən insanın sözlərində böyük fərq var. Obama kampaniyanın əvvəlində qoşunların İraqdan tam çıxarılması haqqında danışırdısa, sonda qoşunların çıxarılması deyil, onların sayının mümkün azaldılması barədə danışmağa başladı", - Barud elektron poçtla Trend -a bildirib.
O hesab edir ki, Obamanın siyasəti Buşun siyasətindən fərqlənməlidir və bununla əlaqədar olaraq, ola bilsin o İraqdakı qoşunların sayını azaldacaq. Lakin Ağ Evin İraqdakı hərbi kampaniyaya dair yeni addımları Bağdad hökumətinə İraq təhlükəsizliyinin təqdim edilməsi kimi geniş vüsət almayacaq.
Amerika qoşunlarını İraqdan dərhal çıxarmaq mümkün deyil, bu proses yalnız 2010-cu ildə real olacaq. Bunun üçün Amerika kontingentinin sayının tədricən azaldılması lazımdır və beləliklə təhlükəsizliyə nəzarət İraq hökuməti rəhbərliyinə keçəcək, - Amerikanın Hadson İnstitutunun (Institute of Hudson) London filialının eksperti Conatan Peris (Jonathan Paris) hesab edir.
"ABŞ-ın yardımı olmadan "qeyri-sabit" İraqa rəhbərlik etmək Daxili hakimiyyət orqanlarının bunu istəyib-istəməməyəcəklərindən asılıdır. Buna görə də qoşunların çıxarılması prosesi Bağdadla razılaşdırılmış şəkildə keçməlidir", - Peris telefonla Trend -a bildirib.
Rəsmi Bağdad Vaşinqtondan 2012-ci ilə İraqı tərk etməyi tələb edib, - CNN xəbər verir. Buna görə də Barak Obamanın İraqdakı hərbi kampaniyanın dayandırılması haqqında sözləri real deyil. Həm Vaşinqton, həm də Bağdad üçün ən optimal variant üç il ərzində Amerika kontingentinin azaldılmasıdır.
ABŞ-ın İraqdakı hərbi kampaniyası 2003-cü ilin martında başlayıb və Səddam Hüseyn rejiminin devrilməsi ilə nəticələnib. Hərbi əməliyyatlara Pentaqonun İraqda kütləvi qırğın silahının olması barədə bəyanatları səbəb olub. Beş il ərzində İraq Yaxın Şərqin ən qanlı və qeyri-sabit ölkələrindən birinə çevrilib.
ABŞ Müdafiə Nazirliyinin məlumatına əsasən, Pentaqonun itkiləri 3988 əsgər və zabit təşkil edib, - PRAYM-TASS xəbər verir. Lancet tibb jurnalı alimlər qrupunun yeni tədqiqatını nəşr edib. Tədqiqata əsasən, müharibə nəticəsində təxminən 655 min İraq sakini həlak olub.
Evlərini tərk etməyə məcbur olan iraqlıların sayı təxminən 4 mln. nəfər təşkil edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]