Şimali Kipr Türk Respublikası, Lefkoşa, 14 noyabr/ Trend , müxbir R. Hafizoğlu/ Şimali Kipr Türk Respublikasının prezidenti Məhmət Əli Tələt artıq Avropa İttifaqına inanmadıqlarını bildirib. Bu barədə Trend -un müxbiri Lefkoşadan xəbər verib. Tələt Avropa İttifaqının Kipr probleminin həlli məsələsində ikili standart tətbiq etdiyini deyib. Prezidentin sözlərinə görə, Avropa İttifaqı artıq əvvəlki kimi Kipr probleminin həll edilməsində maraqlı deyil. "Kipr problemi həll olunmadan adanın cənubunda yerləiən Kipr Yunan Respublikası Avropa İttifaqına qəbul edilməməliydi. Lakin bu respublika Avropa İttifaqına qəbul edildi və bununla da Şimali Kipr Türk Respublikasına qarşı ədalətsizlik edildi", - deyə Tələt əlavə edib. Kipr probleminin həlli üçün hazırda Yunan Kipri ilə müzakirələri davam etdirdiklərini bildirən Tələt bir razılaşma əldə olunacağı və adada konfederativ bir dövlət qurulacağı təqdirdə, Türkiyə qoşunlarının adadan tamamilə çıxarılmayacağını, bir hissəsinin Kiprdə qalacağını deyib. Lakin Tələt Şimali Kipr Türk Respublikasını Türkiyənin bir hissəsi kimi görməyin düzgün olmadığını və Kiprin özünəməxsus, müstəqil siyasəti olduğunu bildirib.
Kipr Aralıq dənizində, Türkiyənin 65 kilometrliyində yerləşən, əhalisi yunanlardan və türklərdən ibarət olan bir adadır. 1974-cü ilədək adada vahid müstəqil bir dövlət mövcud idi. Kiprli yunanlıların "Enosis" adı verilən və Kiprin Yunanıstana birləşdirilməsini nəzərdə tutan planlarını həyata keçirməyə başlamasından sonra, Türkiyənin hərbi müdaxiləsi ilə Kiprin türklər yaşayan hissəsində müstəqil Şimali Kipr Türk Respublikası quruldu. Lakin bu dövlət təkcə Türkiyə tərəfindən tanınır. Beynəlxalq aləmdə isə,adanı təmsil edən dövlət kimi, Kiprin cənubunda qurulan Yunan Kipr dövləti tanınır. BMT və Avropa İttifaqının təşəbbüsləri ilə adadakı iki dövlət tək hakimiyyət altında birləşdirilməyə cəhd edilsə də, bir nəticə əldə edilməyib. Bu təşəbbüslərin ən əhəmiyyətlilərindən biri olan 2004 -cü il Annan Planı referendumu da Kiprli türklərin qəbul, yunanların rədd etməsi nəticəsində, həyata keçirilə bilmədi.