...

Azərbaycanda referendum üzrə təşəbbüs qruplarının yaradılması ilə bağlı heç bir məhdudiyyət yoxdur – MSK katibi

Siyasət Materials 5 Yanvar 2009 12:44 (UTC +04:00)
Azərbaycanda referendum üzrə təşəbbüs qruplarının yaradılması ilə bağlı heç bir məhdudiyyət yoxdur – MSK katibi

Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycanda keçiriləcək referendum üzrə təşəbbüs qruplarının yaradılması ilə bağlı heç bir məhdudiyyət yoxdur, bazar ertəsi Trend -a Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bildirib.

"Referendum üzrə yaradılan təşəbbüs qrupları vətəndaşların sayına mütənasib olmalıdır. Qrupların qeydə alınması üçün yalnız bir şərt var - bir seçici yalnız bir qrupun yaradılması ilə bağlı imza atmaq hüququna malikdir. Həmin seçici başqa qrupları dəstəkləyə bilməz", - Məmmədov əlavə edib.

Trend -un arayışı: Azərbaycan Parlamenti ötən ayın sonunda keçirilən iclasında Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendumun martın 18-də keçirilməsi barədə qərar qəbul edib.

Layihədə bir şəxsin iki dəfədən artıq ölkə prezidenti vəzifəsinə seçilməsini məhdudlaşdıran 101-ci maddənin 5-ci bəndi Konstitusiyadan çıxarılıb.

Bu bəndə əsasən, heç kəs iki dəfədən artıq təkrar Azərbaycan Respublikasının prezidenti seçilə bilməz.

Həmin maddəyə ölkə müharibə şəraitində olduğu təqdirdə, prezident seçkilərinin keçirilməsi müddətinin uzadılmasını nəzərdə tutan bənd daxil edilib.

Konstitusiyaya digər dəyişikliklər eks-prezidentin hüquqları və statusu; Milli Bankın Mərkəzi Bank, Prezidentin İcra Aparatının Prezident Administrasiyası adlandırılması və s. ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (maddə 152). AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya prezident tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Azərbaycan Konstitusiyası 1995 - ci ildə referendum yolu ilə qəbul olunub, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası "Yeni Azərbaycan" təşəbbüs qrupu yaradıb.

Məmmədov bildirib ki, qrupların təşəbbüskarları qismində Azərbaycanın seçki hüququna malik vətəndaşları çıxış edə bilər və onların hansı qurumda təmsil olunması və ya çalışması ilə bağlı heç bir məhdudiyyət yoxdur.  "Təşəbbüs qrupları ən az 500 nəfərdən ibarət olmalıdır. 500-dən çox 2 mindən az olarsa, onlar Dairə Seçki komissiyalarında qeydiyyata alınırlar və həmin qruplar yalnız respublikanın bir hissəsində təşviqat aparmaq hüququna malik olurlar. 2 min və ondan çox seçici təşəbbüs qrupu yaradırsa, onlar Mərkəzi Seçki Komissiyasında qeydə alınır və onların respublika üzrə təşviqat aparmaq hüquqları olur", - Məmmədov deyib.

Onun sözlərinə görə, təşəbbüs qrupları səsverma gününə 45 gün qalana qədər qeydə alınma ilə bağlı sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. "Təşəbbüs qrupu yaradılması barədə qeydə alınacağı komissiyaya bildiriş təqdim etməlidir.  Həmin komissiya bildirişi alması barədə məlumat verdikdən sonra həmin təşəbbüs qrupu imza toplamağa başlaya bilər. Qeydə alınmaq üçün komissiyalara 10 gün vaxt verilir. Müvafiq prosedurlara uyğun olaraq imzalar yoxlanandan sonra Mərkəzi Seçki Komissiyasının iclasında qərar qəbul olunur", - o deyib.  

MSK katibi bildirib ki, qrupun qeydə alınması üçün əsas şərtlər təşəbbüsçülərin Azərbaycan vətəndaşlarından ibarət olması, say  və imzatoplamaya dair qanunda nəzərdə tutulmuş tələblərə cavab verməsidir. "Bu şərtlər toplusuna cavab verən təşəbbüs qrupları qeydə alına bilər", - o deyib.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti