Azərbaycan, Bakı, 05 yanvar/ Trend , müxbir Ü.Sadıqova/ İsrailin Repatriant Uşaqlara Dəstək Assosiasiyasının rəhbəri Əli Zarxin hesab edir ki, Qəzzə zolağında uşaqların ölümünə görə məsuliyyət dörd il ərzində İsrailin yaşayış məntəqələrini qəsdən atəşə tutan Fələstinin HƏMAS hərəkatının üzərinə düşür.
"HƏMAS-ın hərbi obyektlərinin Qəzzənin insanlar məskunlaşan raonların yaxınlığında yerləşməsi İsrailin hücumu zamanı uşaqların ölümünə gətirib çıxarıb", - deyə telefonla Trend -a Zarxin bildirib.
İsrailin hərbi əməliyyatları HƏMAS ilə altı aylıq atəşkəs müqaviləsi müddətinin başa çatması və qruplaşma tərəfindən Aşkelon və Sderot şəhərlərinin əldəqayırma "Qəssam" raketlərilə hər gün atəşə tutulmasından sonra başlanıb.
"HƏMAS-ın yaşayış evlərinə qəsdən atdığı raketlər nəticəsində onlarla israilli uşaq şikəst qalıb və Qəzzəyə hücumlarla İsrail buna cavab verib", - deyə Zarxin bildirib.
Qəzzə həkimlərinin verdiyi məlumatlarına görə, zolaqda "Qurğuşun axını" əməliyyatları başlayandan ümumilikdə 509 nəfər həlak olub. BBC-nin verdiyi xəbərə görə, təqribən 2,5 min insan yaralanıb.
"İsrail müharibəni dayandırmağa və HƏMAS ilə yeni saziş imzalamağa razıdır, lakin barışığı bütün tərəflərin dəstəkləməsi şərti ilə", - deyə Zarxin bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]