...

İranın İraqda ideoloji nüfuzu azalır

Siyasət Materials 9 Fevral 2009 16:36 (UTC +04:00)

Iran, Tehran, 06 fevral / Trend , müxbirlər T.Cəfərov, R.Hafizoğlu/ İraqda keçirilən əyalət seçkilərində, İranyönlü şiə partiyalarının uğurzuluğu və milli hakimiyyətlə bağlı cinahların qələbəsi rəsmi Tehranın İraqdakı nüfuzunun azalmasını göstərir.

İran-Ərəb Tədqiqat Mərkəzinin rəhbəri Əlirza Nurizadə hesab edir ki, İraq xalqı milli və liberal partiyaları daha çox dəstəklədiyini seçkilərdə göstərdi.

İraqda Seçki Kommisiyası əyalət seçkiləri üzrə ilkin nəticələri (90% səs) açıqlayıb. Baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi "Əl-Dəvə" partiyası birinci, "Hüquqi Dövlət üçün Birlik" partiyası ikinci yeri tutub. İranın nüfuz dairəsində olan "Sədr" hərəkatı və "İslam Ali Şurası" partiyası uğursuz nəticələr əldə edib. "Nyu-York Tayms" qəzeti seçkilərin nəticəsini İraq və ABŞ hakimiyyətlərinin uğuru və İranın isə uğursuzluğu kimi qeyd edib.

Ekspertlərin fikrincə, seçkilərin nəticəsindən daha çox, İraqda mərkəzi hakimiyyətin güclənməsi İranın bu ölkədə nüfuzuna mane olub.

İran-Ərəb Tədqiqat Mərkəzinin sədri Nurizadə Londondan telefonla Trend -a bildirib ki, İraqda keçirilən seçkilər ilk növbədə İran və İranın dəstəklədiyi partiyalar üçün (İraqdakı şiəyönlü islami partiyalar) uğursuz oldu. Onun sözlərinə görə, İraq xalqı dini dəyərlərdən çox, milli birliyə və ölkənin müstəqilliyinə önəm verir. "Əl-Malikinin qələbəsi, "Əl-Dəvə" partiyasının adının yanından "islami" sözünü götürülməsi və İraqda təhlükəsizliyin təmin edilməsində qazandığı uğurlarla birbaşa bağlıdır", - deyə Nurizadə cümə günü bildirib.

İran-Ərəb Tədqiqat Mərkəzinin sədri hesab edir ki, İraq xalqı bu seçkilərdə aktiv iştirakı ilə göstərdi ki, islami partiyalara inanmır, xüsusilə də digər müsəlman ölkələrinin nüfuzu dairəsində olan partiyalara etibar etmir.

Seçkilərin ilkin nəticəsinə görə, "Əl-Dəvə" partiyası şiələrin yaşadığı Bağdad şəhərində 38% və Bəsrə şəhərində isə 37% səsləri qazanıb.

Əbdüləziz Həkimin rəhbərlik etdiyi "İslam Ali Şurası" Nəcəfdə 8.14, Bəsrədə 6.11, Əmarə şəhərində isə 6.14% səs qazana bilib. Digər şiəyönlü Müqtəda əl-Sədrin nüfuzunda olan "Sədr" hərəkatı isə Bəsrədə yalnız 5% səs qazana bilib.

Digər tərəfdən, 2005-ci ilidə seçkiləri boykot edən İraq sünnilərinin bu dəfə ölkənin şimal və mərkəzi regionlarındakı seçkilərdə iştirakı ölkədə güc strukturlarının balansını dəyişib.

Nurizadənin fikrincə, İranın İraqı öz nüfuzu altına almaq xəyalı daha baş tutmayacaq: "İraq keçirilən seçkilərdən sonra yeni bir mərhələyə qədəm qoyur".

İraq parlamentinin nümayəndəsi Fövzi Əkrəmoğlu Trend -a telefonla açıqlamasında bildirib ki, seçkilər yox, mərkəzi hakimiyyətin güclənməsi İranın İraqdakı nüfuzuna əsas maneədir.

Onun sözlərinə görə, sünnilərin seçkilərdə iştirakının səbəbi İranın İraqdakı nüfuzunu azaltmaq məqsədi daşımayıb. İraq hakimiyyətinin siyasətində çoxlu pozitiv dəyişikliklər baş verib və sünnilər anlayıblar ki, seçkiləri boykot etmək ölkənin ziyanınadır.

İraqlı deputat cümə günü telefonla Bağdaddan bildirib ki, İraqın İrana meyilli və şiəyönlü partiyalarının ölkəni rəsmi Tehranın müstəmləkəsinə çevirmələri barədə yayılan fikirlər həqiqətəuyğun deyil: "İraqın öz siyasəti var".

Əkrəmoğlu hesab edir ki, sünnilərin seçkilərdə iştirakı ölkə müstəqilliyinin və hakimiyyətin güclənməsinə səbəb olacaq.

İndiyədək dəfələrlə ABŞ İranı İraqda təxribat törətmək və mərkəzi hakimiyyəti zəiflətməkdə ittiham edib. Britaniyanın "Çatam Haus" (Chatham House) Tədqiqat Mərkəzi 2006-ci ilin avqustunda yaydığı məruzədə İranın İraqdakı nüfuzunun ABŞ-ın nüfüzundan daha artıq olduğunu qeyd edib.

Nurizadə bildirib ki, indiyədək bir xeyli ekspertlər ABŞ-ın İraqı "qızıl sini"də İrana təqdim etdiyini hesab edirdilər, lakin, İraqda keçirilən əyalət seçkiləri bu fikirlərin əksini sübut etdi: "İraqdakı seçkilər göstərdi ki, İranın bir daha İraqda nüfuzu olmayacaq".

Orta şərq ölkələri üzrə iranlı ekspert Əhməd Zeydabadi isə hesab edir ki, İraqda keçirilən seçkilərin İranın İraqdakı nüfuzuna bir o qədər də təsiri olmayacaq.

Onun sözlərinə görə, İranın İraqdakı nüfuzu ilə bağlı yalnız İraqın mərkəzi hökuməti rol oynaya bilər", -deyə Zeydabadi bildirib.

Zeydabadi hesab edir ki, İraqın mərkəzi hökuməti güclənməklə, bu ölkəyə xarici ölkələrin nufuzu da azalır.

İraq hökuməti ölkənin təhlükəsizlik təminatını öz öhdəsinə götürüb və hazırda İraqda təxribat xarakterli hərəkərlər azalıb.

İraq İranla münasibətlərini qorumağa çalışır və İraq hökuməti diplomatik sahədə İran rəsmilərinin müdaxiləsinə imkan yaratmamalıdır.

Zeydabadi Tehrandan telefonla Trend -a bildirib ki, İraq və İran hazırda bir-birinə müəyyən məsələlər üzrə güzəştə gedirlər və diplomatik əlaqələri qorumağa çalışırlar.

O, hesab edir ki, İran və İraq rəsmiləri arasında Sədr hərəkatının kontrolu və Xalq Mücahidləri təşkilatının İraqdan çıxarılması ilə bağlı razılaşma ehtimalı var.

İraqlı radikal molla, Müqtəda əl-Sədr hazırda İranın Qum şəhərində təhsil alır. 2005 və 2006-ci ildə hakimiyyət və xarici qüvvələr əleyhinə hərbi mübarizə aparan "Mehdi" ordusunun sədri, 2007-ci ildən etibarən silahlı mübarizəni dayandırıb.

İraq Dövlətinin milli təhlükəsizlik üzrə müşaviri Müvəffəq əl-Rəbii fevralın 6-da Bağdadda keçirilən mətbuat konfransında bildirib ki, Xalq Mücahidlərini yaxın üç ay ərzində ölkədən deportasiya edəcəklər.

Qərargahı Parisdə yerləşən "Milli Müqavimət Təşkilatı"(Xalq Mücahidləri) dekabrın 23-də İraq hakimiyyətinin bu təşkilatın İraqdakı üzvlərini deportasiya etmək istəyini pisləyib. İraq hakimiyyəti dekabrın 19-da İraqda Əşrəf qərargahında yerləşmiş Xalq Mücahidlərinin ölkədən çıxarılmasını tələb edib.

Əşrəf qərargahında 3500 İran əsilli Xalq Mücahidi var. Bu təşkilat İran hakimiyyətinə müxalifdir, onun üzvləri İran - İraq müharibəsində Səddam Hüseyn ordusunun  tərkibində İrana qarşı vuruşublar. İran dəfələrlə İraq hökumətindən onları İrana təhvil verməyi tələb edib.

Ekspertlərin fikrincə, İran-İraq münasibətləri bundan sonra ikitərəfli razılaşmalar və təzyiqsiz qərarlar çərçivəsində olacaq.

Zeydabadı İraq hakimiyyətinin güclənməsini ölkənin müstəqilliyində əsas amil hesab edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti