...

Azərbaycanda 15 bələdiyyə ilə bağlı prokurorluq orqanları tərəfindən cinayət işi başlanıb - ədliyyə nazirinin müavini

Siyasət Materials 10 Fevral 2009 14:01 (UTC +04:00)
Azərbaycanda 15 bələdiyyə ilə bağlı prokurorluq orqanları tərəfindən cinayət işi başlanıb - ədliyyə nazirinin müavini

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir C.Babayeva/ Ötən il Azərbaycanda 15 bələdiyyə ilə bağlı prokurorluq orqanları tərəfindən cinayət işi başlanıb, Trend -un məlumatına görə, ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin ötən ilki fəaliyyəti ilə bağlı hesabat çıxışında bu barədə məlumat verib.
Nazir müavini bildirib ki, cinayət işi başlanan bələdiyyələr sırasına Neftçala rayonunun Xəzər, Lənkəranın Liman, Qubanın Dağlı, Goranboyun Xanqərvənd, Oğuzun Tayıflı, Ağdamın Üçoğlan, Bərdənin Qasımbəyli, Qubanın Gömür Dəhnə və digər bələdiyyələr daxildir.
Mövcud qanunvericiliyə görə, ildə bir dəfə parlamentdə bələdiyyələrin fəaliyyətinə dair hesabat verilməlidir.
Zahirovun sözlərinə görə, adiçəkilən bələdiyyələrin vəzifəli şəxsləri Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, səhlənkarlıq maddələri ilə təqsirli bilinirlər.
Ötən il bələdiyyələr tərəfindən 289 ha torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə, 5703 ha torpaq sahəsinin qanunsuz olaraq icarəyə, 98 ha torpaq sahəsinin isə qanunsuz olaraq istifadəyə verilməsi haqqında qərarlar Ədliyyə Nazirliyinin təklifləri əsasında müvafiq bələdiyyələr və məhkəmə qərarları tərəfindən ləğv edilib.
İl ərzində 6090 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı olunub.
Ötən il fəaliyyətləri zamanı qanun pozuntularına yol verdikləri üçün 421 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəmələrə göndərilib.
Nazir müavini qeyd edib ki, 294 bələdiyyə sədri İnzibati Xətalar Məcəlləsinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının surətlərinin vaxtında təqdiım edilməməsinə görə (326-1.2) məhkəmələr tərəfindən müvafiq inzibati məsuliyyətə cəlb ediliblər.
Bələdiyyələrin fəliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneə törədilməsinə görə isə 9 nəfər bələdiyyə sədri məhkəmə qərarı ilə məsuliyyətə cəlb olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti