Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir A.Hüseynbala/ ATƏT-in Bakı Ofisi Azərbaycanda Konstitusiyaya təklif edilmiş əlavə və dəyişikliklərin mahiyyəti barədə ictimai müzakirələrə başlayır.
Konstitusiyaya təklif edilmiş əlavə və dəyişikliklərin mahiyyəti barədə ictimai müzakirələri genişləndirmək məqsədilə ATƏT-in Bakı Ofisi Azərbaycanın 4 şəhərində ictimai forumların keçirilməsini dəstəkləyəcək. Bu barədə çərşənbə günü Trend -a Bakı Ofisindən məlumat verilib.
İlk forum martın 5-də Gəncədə keçiriləcək. Növbəti forumlar martın 7-də Lənkəran, martın 11-də Şəki, martın 14-də isə Bakı şəhərində keçiriləcək.
Forumların təşkilatçısı Qafqaz Media Araşdırmaları Mərkəzidir. Mərkəz ATƏT-in Bakı Ofisi ilə birgə, yerli vətəndaş cəmiyyətinin numayəndələri, müstəqil hüquq ekspertləri, həmçinin Milli Məclisin üzvləri və yerli icra hakimiyyəti nümayəndələrini bu foruma dəvət edəcək. Hər bir forumda 40-100 nəfərin iştırakı gözlənilir.
Trend -un arayışı: Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.
Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və Demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.
Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start verəcəklər. Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.
MSK-nın iclasında "Hüquq və Demokratiya", "Şəhər", "Tərəqqi", "Vətəndaş Cəmiyyəti" və "Davamlı İnkişaf Naminə" təşviqat qruplarının komissiyada məşvərətçi səs hüquqlu üzvləri təsdiq edilib və səlahiyyətli nümayəndələri seçilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]