Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir B.Həsənov / Avropa İttifaqına (Aİ) müvəqqəti sədrlik edən Çexiya Respublikasının xarici işlər naziri Karel Şvarsenberqin (Karel Schwarzenberg) Aİ-nin "Şərq Tərəfdaşlığı Proqramı"na Türkiyənin də dəvət edilməsilə bağlı sözləri Ankarada etirazla qarşılanıb.
"Biz qətiyyən "Şərq Tərəfdaşlığı Proqramı"nın iştirakçısı olmağı qəbul edə bilmərik", - deyə Türkiyə-Aİ Birgə Parlament Komissiyasının həmsədri, Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakış çərşənbə axşamı Ankaradan telefonla Trend -a bildirib.
Aİ-yə müvəqqəti sədrlik edən Çexiya Respublikasının xarici işlər naziri Karel Şvarsenberq bildirib ki, Türkiyə Aİ-nin "Şərq Tərəfdaşlığı Proqramı"na dəvət ediləcək. Bu barədə Türkiyənin "Hürriyət" qəzeti məlumat verib. Altı keçmiş sovet ölkəsi olan Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarus ilə Aİ arasında əlaqələrin möhkəmləndirilməsi məqsədini daşıyan "Şərq Tərəfdaşlığı Proqramı" 2008-ci il dekabrın 4-dən fəaliyyətə başlayıb. Proqramda iştirak edən ölkələrlə sərbəst ticarət zonasının yaradılması və strateji razılaşmaların əldə olunması ilə bağlı əməkdaşlıq ediləcəyi, lakin bu ölkələrə Aİ-yə tam üzvlük haqqı verilməyəcəyi şərti qoyulub.
Türkiyə-Aİ Birgə Parlament Komissiyasının həmsədri bildirib ki, Avropa Birliyinin bütün rəsmi qurumlarının qərarlarında Türkiyə ilə danışıqların tam üzvlük məqsədilə aparıldığı bildirilir.
"Türkiyənin "Şərq Tərəfdaşlığı Proqramı"na dəvət edilməsi Aİ-nin indiyə qədər qəbul etdiyi qərarlara ziddir. Ona görə də biz bunu qətiyyən qəbul edə bilmərik",- deyə Yakış vurğulayıb. Həmsədr onu da bildirib ki, Aİ rəsmilərinin sözləri bu qurumun rəsmi mövqeyini əsk etdirmədiyindən Türkiyə rəsmi şəkildə bu məsələyə münasibət bildirməyi lazım görmür. "Aİ-nin qərarları Avropa İttifaqının rəsmi qurumlarında verilir və indiyə qədər bu rəsmi qurumların mövqeyində Türkiyəyə qarşı heç bir dəyişiklik olmayıb", - deyə Yakış əlavə edib.
Türkiyədə 2009-cu ilin yanvarında Aİ-ilə danışıqları daha səmərəli şəkildə davam etdirmək üçün bu məsələ ilə məşğul olan ayrıca nazirlik yaradılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]