...

HƏMAS-ın milli hökumətə qayıdışı sülh prosesinin sonu olacaq

Siyasət Materials 2 Mart 2009 12:37 (UTC +04:00)
HƏMAS-ın milli hökumətə qayıdışı sülh prosesinin sonu olacaq

Azərbaycan, Bakı, 28 fevral / Trend , Ü.Sadıxova /

HƏMAS Fələstin milli hökumətinin tərkibinə daxil olarsa, İsrail Fələstin-İsrail sülh prosesini donduraraq danışıqları dayandıracaq.   

Cümə günü Qahirədə Fələstinin öz aralarında mübarizə aparan iki partiyası (FƏTH və HƏMAS) martın sonunadək müvəqqəti hökumətin yaradılması barədə saaziş imzalayıblar.

Qahirə razılaşması 2007-ci ildən bəri ixtilaf edən hakim FƏTH-lə Qəzzədə nəzarəti ələ keçirən HƏMAS hərəkatı arasında sürən qarşıdurmaya son qoydu.

Danışıqlarda Fələstinin digər 11 prtiyasının nümayəndələri də iştirak ediblər.

Fələstin fraksiyaları milli hökumətin formalaşması ilə nəticələnəcək beş komitənin yaradılması barədə razılaşma əldə ediblər.

Komitələr milli birliyin və yeni hökumətin bərpası, vahid hüquq mühafizə oranlarının yaradılması və Fələstinin azadlığı istiqamətində islahatların aparılması ilə məşğul olacaqlar. Bununla yanaşı, 2010-cu ildə keçiriləcək prezident və parlament seçkilərinin təşkilatçılığı da komitənin səlahiyyətlərinə aid olacaq.  

Danışıqlar zamanı HƏMAS hərəkatını təmsil edən Mussa Əbu Marzukun sözlərinə görə, hərəkat üzvləri nəticələri hər bir partiya tərəfindən tanınacaq seçkilərin keçirilməsinə nəzarət edəcəklər.

FƏTH-lə HƏMAS arasındakı vətəndaş müharibəsi və mərkəzi hökumətin parçalanması ilə nəticələnən ixtilaflar HƏMAS-ın 2006-cı ildə parlament seçkilərində qalib gəlməsi ilə başlandı. Seçkilərin nəticələrini tanımayan Fələstin muxtariyyatı lideri Mahmud Abbas 2007-ci ildə hökuməti buraxmaq qərarını verdi.

FƏTH-lə HƏMAS arasında danışıqlar İsrailin yanvar ayında Qəzzədə həyata keçirdiyi "Əridilmiş qurğuşun" hərbi əməliyyatlarından sonra bərpa olundu. 1300 fələstinli Qəzzədəki hərbi əməliyyatların qurbanı olduğu halda, İsrail tərəfinin itkiləri dördü mülki şəxs olmaqla, 14 nəfər təşkil etdi.

HƏMAS liderləri ilə uzun müddət sürən ixtilaflara baxmayaraq, Mahmud Abbas dünya ictimayyətini Qəzzə Zolağındakı humanitar böhranı adlamaq məqsədi ilə HƏMAS-ın da yer aldığı Fələstin milli birlik hökumətini tanımağa çağırdı.

HƏMAS, İsrail-Fələstin sülh danışıqlarında tamhüquqlu tərəf kimi iştirak edərsə, İsrailin Fələstinin milli hökuməti ilə danışıqlardan imtina edəcəyi istisna olunmur.

"HƏMAS milli hökumətdə yer alarsa, İsrail yəhudi dövlətini yer üzündən silmək istəyənlərlə danışıq aparmayacaq", - İsrailli politoloq Efraim İnbar deyib. 

FƏTH və HƏMAS arasında əldə olunan razılaşmaya baxmayaraq, onlar İsrailə və sülh danışıqlarına ikisi də fərqli mövqelərdən yanaşırlar. 

FƏTH İsrail-Fətəstin münaqişəsinin həllini beynəlxalq danışıqlarda və İsrail dövlətinin varlığı ilə barışmaqda görsə də, HƏMAS Qəzzə üzərindən blokada götürülməyənə və İsrailin 1967-ci il müharibəsi zamanı zəbt etdiyi Fələstin torpaqları (İordan çayının Qərb sahili və Şərqi Yerusəlim) azad olunmayana qədər rəsmi Tel-Əvivlə heç bir danışıqlarda iştirak etməyəcəyini bəyan edib.

"HƏMAS hərəkatı o zaman Milli birlik hökumətinin yaranmasına razılıq verəcək ki, fələstinlilərin İsrail işğalı ilə mübarizə aparmaq hüququ tanınsın", - HƏMAS liderlərindən olan İsmail Ridvan deyib. 

"İsrail tərkibində yəhudi dövlətini məhf etmək ideyasını daşıyan partiyaların birləşdiyi hökumətlə danışıqlar aparmayacaq", - Beqin-Sadat strateji araşdırmlar mərkəzinin (BESA) rəhbəri İnbar telefon bağlantısı zamanı Trend -a bildirib. 

"Mahmud Abbas HƏMAS-ı milli hökumətə cəlb etməklə sülh danışıqlarına biganəliyini göstərdi", - deyən israilli analitik Qilal Friş İnbarla razı olduğunu bildirib.

"Bu, sülh prosesini çətinləşdirəcək. İsrail onu tanımayan HƏMAS-la danışıq aparmayacaq", - BESA-nın aparıcı politoloqu Friş Trend -a telefon bağlantısı zamanı deyib. 

Friş qeyd edib ki, İsrail sülh danışıqlarını yalnız "mülayim" olan FƏTH hökuməti ilə apara bilər. Lakin HƏMAS milli hökumətə daxil olarsa, Abbas müstəqil qərarlar verə bilməyəcək.

İsrail-Fələstin danışıqlarının gələcəyi həm də yenicə formalaşmaqda olan "Likud" blokunun liderinin Binyamin Netanyahunun başçılıq edəcəyi hökumətdən də asılıdır. Xatırladaq ki, Netanyahu fələstililərlə sülh danışıqlarının əleyhinə çıxır.

HƏMAS FƏTH-lə İsrail arasındakı razılaşmaları da tanımaqdan imtina edir. Mahmud Abbasın fikrincə isə mill birlik hökumətinin uğuru HƏMAS-ın Tel-Əvivlə imzalanmış sənədləri tanımasından asılıdır. 

Şərqi İngiltərə institutunun rektoru Nikola Prattın fikrincə, "Likud" nəinki HƏMAS-la, heç hazırki Fələstin hökuməti ilə də danışıqlar aparmayacaq.  

Fələstinli analitik Mehdi Əbdül Hadinin fikrincə, İsraildə hələ elə bir hökumət yoxdur ki, Fələstin-İsrail dialoqunun siyasətini təyin etsin. "Əvvəllər dialoq Fələstin və İsrail arasında aparılırdısa, indi sözügedən danışıqlar ABŞ və Aİ-nin iştirakı ilə beynəlxalq müstəvidə aparılır. Bu səbəbdən də İsrail öz mövqeyində dəyişikliklər etməlidir", - Əbdül Hadi Trend -a bildirib.  

"Dialoq üç səbəb üzündən durduruldu: İsraildə Knessetə keçirilən seçkilərdə sağçıların qalib gəlməsi, Qəzzədə baş verən müharibə və fələstinlilərin Yerusəlimə dair olan hüquqlarının tanınmaması", - Əbdül Hadi vurğulayıb.

1982-ci ildə İsrail Yerusəlimi qəsb edərək özünün administrativ mərkəzi elan edib.

Avropa İttifaqı da daxil olmaqla, beynəlxalq vasitəçilər İsrail-HƏMAS dialoqunun davam etməsinin leyhinə çıxış edirlər. 

BMT-nin Yaxın Şərq üzrə keçmiş xüsusi koordinatoru Alvaro de Sotonun Britaniyanın "The Times" qəzetində dərc etdiyi məktubda deyilir ki, İsrail HƏMAS-a qarşı olan mövqeyinə yenidən baxmalıdır.  

Nikola Prattın fikrincə isə, danışıqlar prosesi dayandırılsa, HƏMAS-ın güzəştə meyl etməyən mövqeyi sülh prosesi üçün təhlükəli ola bilər.

"Təəssüf ki, beynəlxalq ictimayyət nəzərlərini yalnız HƏMAS üzərində cəmləməklə İsrailə sülh prosesi dönəmində heç bir təzyiq etmədi. Bu səbəbdən beynəlxalq vasitəçilər İsrailə təzyiqi artırmalıdırlar", - Pratt xüsusi qeyd edib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti