Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir K.Zərbalıyeva /
Dövlət Sərhəd Xidməti İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısını alıb.
DSX-nin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, 2500 qrama yaxın narkotik maddəni ölkəyə keçirməyə cəhd edən dəstə zərərsizləşdirilib.
Azərbaycan vətəndaşı Elşən Gəncəliyev İrandan əldə etdiyi 415 qram heroini, 1000 qram tiryəki və 935,55 qram həşiş qətranını satış məqsədilə fevralın 28-də qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirərkən saxlanılıb.
Gəncəliyevi narkotik vasitələrlə birlikdə Beyləqan rayonunun İkinci Şahsevən və Qaradağlı kəndlərinin arasında yerləşən qəbiristanlığın yaxınlığında Elşən Məmmədov qarşılamalıydı. Elnur Zeynalovun idarə etdiyi VAZ 21 07 markalı maşınla həmin əraziyə gedən Elşən Məmmədov və Vüqar Abdullayev də sərhədçilər tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb. Təqsirləndirilənlər barəsində həbs qəti imkan tədbiri seçilib. Əməliyyat istintaq tədbirləri davam etdirilir.
Trend -un arayışı: Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən il qanunsuz dövriyyədən 651 kiloqram narkotik vasitə çıxarılıb.
Narkotika cinayətləri ilə bağlı ötən il 2007-ci illə müqayisədə 39,2 faiz çox - 394 fakt aşkarlanaraq, 312 nəfər məsuliyyətə cəlb olunub.
Cinayətlərin qurbanı olan 78 şəxs müəyyən edilib, 101 nəfərdən ibarət 43 cinayətkar qrup zərərsizləşdirilib.
ABŞ Dövlət Departamentinin ötən ilillə bağlı yaydığı hesabatda deyilir ki, Azərbaycanda 2007-2008-ci illərdə narkotik istifadəçilərinin sayında və narkotik becərilməsində artım qeydə alınıb.
Hesabatda daha sonra Azərbaycandan narkotik tranzitinin istiqamətləri göstərilib - Orta Asiyadan keçməklə Xəzər dənizi üzərindən və ya İrandan quru yolla. Digər marşrut isə İrandan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini birləşdirir. Bildirilir ki, narkotiklər Azərbaycandan Rusiyaya, oradan isə Şərqi və Mərkəzi Avropaya daşınır. Türkiyənin İranla sərhədə malik olması Azərbaycanın bu ölkə üzərindən keçən marşrutda da yer almasına səbəb olub.
Hesabatda narkotacirlərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında bəzən toqquşmaların da olduğu xatırladılır. Məsələn, ötən il iyunun 3-də İranla sərhəddə baş vermiş belə toqquşma zamanı 1 narkotacir öldürülüb, 4-ü yaralanıb. Narkotik daşıyan qrupdan ABŞ-da istehsal olunmuş 2 gecə müşahidə cihazı və avtomat silah aşkarlanıb
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]