...

Azərbaycanda hərbi çağırış qaydaları ilə bağlı şikayət və narazılıqları araşdırmaq üçün Müdafiə Nazirliyində işçi qrup fəaliyyətə başlayıb

Siyasət Materials 2 Aprel 2009 10:37 (UTC +04:00)
Azərbaycanda hərbi çağırış qaydaları ilə bağlı şikayət və narazılıqları araşdırmaq üçün Müdafiə Nazirliyində işçi qrup fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda hərbi çağırış qaydaları ilə bağlı valideynlərin və ya çağırışçıların yaxınlarının şikayət və narazılıqlarını araşdırmaq üçün Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsinin nəzdində işçi qrup fəaliyyətə başlayıb, cümə axşamı Trend -a nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

Trend -un arayışı: Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın qaydaları təsdiqlənib.

Nazirlər Kabinetinin məlumatında deyilir ki, Azərbaycan Nazirlər Kabineti ölkə vətəndaşlarının cari ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırış qaydalarını təsdiq edib.

"Qanunvericiliyə uyğun olaraq, Müdafiə, Səhiyyə, Daxili İşlər, Nəqliyyat, Maliyyə nazirlikləri və yerli icra orqanları aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırışı həyata keçirmək üçün lazımi tədbirlər görməlidirlər", - məlumatda deyilir.

Nazirlər Kabineti bununla yanaşı, Azərbaycan vətəndaşlarının aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırışını həyata keçirəcək Respublika Çağırış Komissiyasının tərkibini də təsdiqləyib.

Komissiyaya respublika hərbi komissarının müavini Ramiz Məmmədov sədrlik edəcək. Komissiya sədrinin müavini postunu Dövlət Sərhəd Xidməti İnspektorluğunun rəisi Ehram Hacıyev tutacaq. Komissiyanın tərkibinə: daxili işlər nazirinin müavini Oruc Zalov, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, ədliyyə nazirinin müavini Toğrul Musayev, AHİK sədrinin müavini Aqil Dadaşov və Milli Məclisin deputatı Siyavuş Novruzov daxildir.

Sabiroğlu deyib ki, işçi qrupunun yaradılmasında məqsəd hərbi çağırış qaydalarında həyata keçirilən təkmilləşdirmə işinin daha səmərəli aparılması, komplektləşdirilmədə qüsurlara yol verilməsinin qarşısını almaqdır.

Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin nəzdində "Qaynar xətt" də yaradılıb.

Vətəndaşlar bu telefon nömrələrinə 438 61 31, 438 61 74 zəng edərək öz təklif və şikayətlərini çatdıra bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti