...

Saxta "soyqırım" oyuncaq statusunu dəyişmədı – Trend News-un icmalçısı

Siyasət Materials 27 Aprel 2009 16:44 (UTC +04:00)

Rufiz Hafizoglu, Trend -un Yaxın Şərq redaksiyasının rəhbəri

Türkiyə Prezidenti Abdulla Gülün Yerevan səfəri ilə başlayan Türkiyə-Ermənistan münasibətləri həm Ermənistanda, həm də Türkiyənin bəzi dairələrində sevinclə qarşılanmışdı. Zaman keçdikcə futbol sevgisi üzərində qurulan diplomatik əlaqələr daha da inkişaf etdi. Təbii ki, bu əlaqələrin inkişafının sonunda Yerevanın əsas hədəfi Türkiyə-Ermənistan sərhədlərinin açılması idi.  

Gülün Yerevan səfəri isə ermənilər üçün göydəndüşmə bir fürsət idi. Çünki Yerevanın əsas hədəfi üçün böyük bir addım atılmışdı. Hətta Ermənistan Prezidenti Serj Sarkiysan CNN telekanalına Türkiyə-Ermənistan münasibətlərinə toxunaraq, dövlətlər arasında problemin olmasına baxmayaraq bunun normal münasibətlər qurmağa mane olmadığını bildirdi. Sarkisyan Ermənistanın rəsmi olaraq Türkiyəyə qarşı torpaq iddiasında olmadığını bildirdi və üstəlik Türkiyəni hələ də bəzi rəsmi dairələr çərçivəsində Ermənistanı bir dövlət kimi tanımamaqda ittiham etdi.

Əslində bu Ankara üçün sərt bir ismarıc idi. Lakin buna  baxmayaraq, iki dövlət arasında münasibətlərin
inkişaf etdirilməsi çərçivəsində görüşlər davam etdirilirdi. ABŞ-da keçirilən prezident seçkilərində Demokrat Partiyasında olan namizəd Barak Obamanın qalib gəlməsi Yerevana və erməni lobbisinə
Türkiyə-Ermənistan münasibətlərində dönüş olacağına və qondarma erməni "soyqırımının" qəbul edilməsinə ümid verdi. Çünki bir vaxtlar ABŞ-da sadəcə seçkiqabağı kampaniya xarakteri daşıyan "erməni soyqırımı" məsələsinin əsl soyqırım kimi tanınmaq ehtimalı var idi.

Buna səbəb isə Obamanın özündən əvvəlki prezidentlərin heç birinin etmədiyini etməsi idi - Obama seçkiqabağı ABŞ-dakı erməni lobbisinə "erməni soyqırımını" tanıyacağı haqqında beş dəfə şifahi, bir dəfə də yazılı zəmanət vermişdi. Bütün amerikalılar kimi erməni lobbisi və Ermənistan Obamadan dəyişiklik gözləyirdi. Yeni ABŞ Prezidenti Obama dünyada verdiyi sözə əməl edən lider obrazı yaratmışdı. İraqdan orduların çıxarılması haqqında verdiyi sözə əməl etməsi buna bariz nümunə idi. Amma Obamanın verdiyi söz tək bundan ibarət deyildi, növbədə isə ermənilərə verilən sözü əməl etmək gəlirdi. Məhz bu səbəbdən də Obamanın prezidentliyə başlaması ilə Türkiyə-Ermənistan danışıqlarında ikinci - daha aktiv mərhələyə start verildi.
Bu dəfə tərəflər əlaqələrin normallaşmasına daha yaxın olduqlarını bildirdilər, hətta Avropa və Ermənistan rəsmiləri sərhədlərin tez bir zamanda açılacağına ümidlə yanaşdıqlarını gizlətmədilər. Türkiyənin xarici işlər naziri Əli Babacan da iki ölkə arasında aparılan danışıqların normal tempdə davam etdiyini və bu danışıqlarda üçüncü bir dövlətə ehtiyac olmadığını bildirdi.
Türkiyə-Ermənistan danışıqlarında əsas hədəfin iki ölkə arasında əlaqələrin tam olaraq normallaşması olduğunu bildirən Babacan Azərbaycan, Ermənistan və Türkiyə əlaqələrinin normallaşmasının Cənubi
Qafqazda yeni geosiyasətin yaranması ilə nəticələnəcəyini də bildirdi.

Bir çox siyasi icmalçılar Türkiyə-Ermənistan münasibətlərinin inkişafı və sərhədlərin açılması ilə Yerevanın Rusiyanın təsirindən çıxacağını və bununla da Qarabağ probleminin həllində müsbət
irəliləyiş olacağını hesab edirdilər. Amma nədənsə sərhədlərin açılması məsələsində Ankaranın Yerevana qarşı üç əsas şərti - işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması, qondarma "erməni soyqırıımı" və Türkiyəyə torpaq iddiasına son qoyulması haqqında tələbi arxa plana çəkildi.  

Obamanın verdiyi sözə əməl edəcəyinə tam əmin olan sadəlövh erməni diplomatiyası Türkiyəyə maraqlı ismarıc göndərdi - Türkiyə Ermənistan sərhədlərinin açılması erməni "soyqırımı" məsələsini arxa plana çəkmir.

Ermənistanın əsas dövlət prinsiplərindən biri olan saxta "soyqırım" məsələsindən əl çəkməyəcəyi artıq Ankaraya bəlli idi. Bəzi siyasətçilər hesab edirlər ki, Türkiyə-Ermənistan danışıqlarında Ankaranın əsas istəyi dünya ictimaiyyətinə Ermənistanın hələ də öz mövqeyində israrlı olmasını və dialoqa tam hazır olmadığını göstərmək idi.

Türkiyə-Ermənistan danışıqlarının məhz aprel ayında güclənməsi isə təsadüfi deyildi.
Ermənistanın diplomatik məntiqinə görə, Türkiyəni Yerevanla danışıqlara təhrik edən ABŞ Prezidenti Obama da tarixi yalanı - erməni soyqırımını" qəbul etməli idi.

Əslində Türkiyədə həm müxalifət, həm də iqtidar Obamanın konqresdə çıxışı zamanı "soyqırım" sözünü işlətməyəcəyini bilirdi.

Hər il olduğu kimi bu il də erməni lobbisinin arzusu ürəyində qaldı - Obama "soyqırım" sözünü dilinə gətirmədi və ən böyük tarixi yalana "böyük faciə" deməklə kifayətləndi.

Əslində bu sözlər məntiqli diplomatiya yürüdən dövlət üçün bir mesajdır - böyük dövlətlər saxta "soyqırımın" deyil, saxta "soyqırım" böyük dövlətlərin oyuncağıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti