Azərbaycan, Bakı, 14 may / Trend , muxbir A.Hüseynbala /
Azərbaycanın müxalif partiyası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün bəzi müxalifət partiyalarının Avropa Şuarsı qarşısında götürdüyü öhdəlikdən imtina etmələrinin tərəfdarıdır.
"Həmin partiyaların bu addımı atacağına inanmıram. Çünki onların bəziləri xaricdən maliyyələşdirildiyindən, imzalarından imtina edə bilməzlər", - cümə axşamı bir qrup müxalif partiyası və qeyri-hökumət təşkilatlarının keçirdiyi "Qarabağ forumu"nda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Trend -a bildirib.
Trend -un arayışı: Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilərkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair öhdəlik götürüb. Öhdəliklərə dair sənədə Azərbaycan rəhbərliyi ilə yanaşı, müxalifəti təmsil edən Azərbaycan Xalq Cəbhəsi, Milli İstiqlal, Müsavat, Azərbaycan Demokrat və Azərbacyan Liberal partiyalarının rəhbərləri də imza atıblar.
Millət vəkili deyib ki, dünya birliyi Ermənistana təzyiq göstərməsə, münaqişənin Azərbaycanın maraqlarına uyğun həll olunması mümkün deyil.
"Ona görə biz peşəkar ordu quruculuğunu daha da sürətləndirməliyik. Düşünürəm ki, torpaqlarımızın müharibə yolu ilə işğaldan azad olunması nə zamansa zərurətə çevriləcək", - partiya sədri vurğulayıb.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan iqtidarı və müxalifətinin mövqeyini əks etdirən vahid proqram hazırlanmalıdır", - Klassık Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib.
Onun sözlərinə görə, problemin həlli ilə məşğul olacaq xüsusi institutun yaradılması da zəruridir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]