İranın Nəzarət Şurası prezidentliyə namizədlərdən 4 nəfərin səlahiyyətini təsdiq edib. Bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.
İranın Nəzarət Şurası İran prezidenti Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi (Mohsen Rezaee), Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq baş naziri Mirhüseyn Musəvinin (Mir Hossein Mousavi) seçkilərdə iştirak etmə səlahiyyətini təsdiq edib.
İranda prezident seçkiləri 4 ildən bir keçirilir. Prezidentliyə namizədlər Nəzarət Şurası (Şuraye Negəhban) tərəfindən təsdiqləndikdən sonra seçki prosesinə qatıla bilərlər. Prezident seçilən şəxs İran İslam Respublikasının Rəhbəri tərəfindən təsdiqləndikdən sonra status əldə edir. İranın rəhbərindən sonra ikinci səlahiyyətli şəxs olan prezident bütün icra aparatına nəzarət edir, xarici və daxili siyasət kurslarını müəyyənləşdirir.
İranda iyunun 12-də keçiriləcək prezident seçkilərində namizədlərin rəsmi qeydiyyatına mayın 5-dən start verilib və namizədlərin İranın Seçki Komissiyasında qeydiyyatı şənbə günü (mayın 9-da) başa çatıb.
İranın Seçki Komitəsinin məlumatına əsasən, 470 nəfər komitəyə müraciət edərək prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. İranda 2005-ci ildə keçirilən prezident seçkiləri zamanı 1014 nəfər rəsmi qeydiyyatdan keçmiş, İranın Nəzarət Şurası onlardan yalnız 7 nəfərin səlahiyyətini təsdiq etmişdi.
Səlahiyyəti təsdiq olunmuş namizədlər mayın 22-dən rəsmi şəkildə seçki ilə bağlı təbliğat və təşviqat kompaniyasına başlaya bilərlər. Nəzarət Şurası yaydığı bəyanatda bildirib ki, seçkilərə 24 saat qalmış, iyunun 11-də səhər saat səkkizdən sonra təbliğat kampaniyaları dayandırılmalıdır.