...

İranda prezident seçkilərinə start verilib

Siyasət Materials 12 İyun 2009 08:30 (UTC +04:00)
İranda prezident seçkilərinə start verilib

Azərbaycan, Bakı, 12 iyun / Trend /

İranda bu gün yerli vaxtla səhər saat 8:00-dan etibarən seçki məntəqələri açılıb. Əhali səsvermədə iştirak etmək üçün səsvermə məntəqələrinə gəlməyə başlayıb. Bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.
Məlumata əsəsən, İranın Ali lideri Ayətullah Əli Xomeneyi səhər saatlarında Tehrandakı seçki məntəqəsinə gələrək səs verəcək. Səsvermə yerli vaxtla axşam saat 6:00-da başa çatacaq, lakin İranın Nəzarət Şurasının Seçkilərə Nəzarət Təşkilatının məlumatına əsasən, seçkinin vaxtının axşam saat 24:00-dək uzadılacağı ehtimal olunur.
"İyunun 12-nə təyin edilmiş prezident seçkiləri saat 08:00 - 18:00 arasında keçiriləcək, lakin vaxtın gecə yarısına qədər uzadılması variantı da istisna olunmur", - deyə İranın Mərkəzi Seçki Komissiyasının sədri Kamran Daneşcu bildirib.
Onun sözlərinə görə, sadə səs çoxluğunu (50 faiz + 1səs) qazanan şəxs qalib elan ediləcək.
Mərkəzi Seçki Komissiyası sədrinin sözlərinə görə, prezidentliyə namizədlərin heç biri lazımi qədər səs toplaya bilməsə, iyunun 19-da prezident seçkilərinin ikinci turu keçiriləcək.
Seçkilərdə İranın hazırkı prezidenti Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi (Mohsen Rezaee), Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq baş naziri Mirhüseyn Musəvi (Mir Hossein Mousavi) rəqabət aparacaq.
İranda prezident seçkiləri 4 ildən bir keçirilir. Prezidentliyə namizədlər Nəzarət Şurası (Şuraye Negəhban) tərəfindən təsdiqləndikdən sonra seçki prosesinə qatıla bilərlər. Prezident seçilən şəxs İran İslam Respublikasının Rəhbəri tərəfindən təsdiqləndikdən sonra status əldə edir. İranın rəhbərindən sonra ikinci səlahiyyətli şəxs olan prezident bütün icra aparatına nəzarət edir, xarici və daxili siyasət kurslarını müəyyənləşdirir.
İran Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, ölkədə hazırkı prezident seçkilərində 46 milyon 200 min nəfər səsvermə hüququna malikdir.

Xəbər lenti

Xəbər lenti