...

İsrail yəhudi qəsəbələri ilə bağlı problemin alternativ həlli yollarını tapa bilər

Siyasət Materials 12 İyun 2009 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir Ü.Sadıxova /

Baxmayaraq ki, İsrail və ABŞ-ın, Qərb sahilində yəhudi qəsəbələrinin inşası məsələsində mövqeləri bir-birinə ziddir, analitiklər bu ölkələr arasında kompromis imkanlarını istisna etmirlər.

İsrailin Baş naziri Binyamin Netanyahu bazar günü Beqin-Sadat Strateji Tədqiqatlar Mərkəzindəki nitqi zamanı fələstinlilər ilə sülh prosesində ölkənin gələcək planları barədə danışmaq niyyətindədir. Eyni zamanda, İordaniya çayının Qərb sahilində yəhudi qəsəbələri məsələsinə toxunacaq, Yaxın Şərq probleminin "iki xalq - iki dövlət" prinsipi əsasında nizamlanması planını dəstəkləyəcək. Bu barədə İsrailin "Qaarets" qəzeti məlumat verir.

ABŞ Prezidenti Barak Obama İsraildən fələstinlilərlə danışıqlar yolunda maneə olan qəsəbələrin inşasını dayandırmağı tələb edir.

Fələstin Administrasiyası qəsəbələrin inşası dayandırılmayana kimi İsrail ilə sülh dialoqunun bərpa olunmasından imtina edir.

ABŞ-ın Yaxın Şərqdəki xüsusi nümayəndəsi Corc Mitçel İsrail və Fələstin muxtariyyətinə iki günlük səfəri çərçivəsində Obama Administrasiyasının yəhudi qəsəbələrinin inşası məsləsində mövqeyini təsdiqləyib, həmçinin əlavə edib ki, bu, ABŞ və İsrail arasında fikir ayrılığı yaradır.

Analitiklər İsrail və ABŞ arasında yəhudi qəsəbələrinin tikintisi məsələsində kompromis imkanlarını istisna etmirlər. İsraildə hesab edirlər ki, Netanyahu hökuməti yəhudi qəsəbələrinin inşası məsələsində ABŞ-ın keçmiş administrasiyasının öhdəliklərini nəzərdən keçirəcək. 

Beynəlxalq münasibətlər üzrə professor Eytan Qilboa (Eytan Gilboa) hesab edir ki, ABŞ-ın keçmiş administrasiyası İsrailə Qərb sahilində böyük blokların inşasına icazə verib və baxmayaraq ki, fələstinlilər bu ərazilərə nəzarət edilməsinə təkid etməyiblər, onlar ərazilərini bu səbəbdən itirməyəcəklər.

"ABŞ İsrail hökumətindən öz öhdəliklərinə riayət etməyi tələb edirsə, eyni zamanda İsrail də ABŞ-dan bunu istəyir - Netanyahunun nitqi zamanı mövqeyi bundan ibarət olacaq", - Trend -a telefonla Beqin-Sadat Strateji Tədqiqatlar Mərkəzinin İsrail-Amerika münasibətləri üzrə analitiki Qilboa bildirib. O istisna etmir ki, Netanyahu ABŞ-ın əvvəlki öhdəliklərinə və aralarında olan qarşılıqlı analşmaya əsaslanaraq, qəsəbələrin inşasının dayandırılmasından imtina etməyəcək.

1967-ci ildə müharibə nəticəsində işğal olunmuş Qərb sahilindəki 120 qəsəbədən çoxunda 280 min nəfərdən çox israilli yaşayır. 200 min nəfər israilli isə beynəlxalq hüquq-nöqteyi nəzərindən işğal edilmiş ərazilərə aid olan Şərqi Yerusəlimdə yaşayır, deyə RİA Novostinin məlumatında deyilir. 

İsrailin müdafiə naziri Yahud Barak amerikalı həmkarı Robert Qeyts ilə Vaşinqtondakı görüşü zamanı problemin həlli üçün alternativlərin tapılması imklanları haqqında danışıb, deyə Haaretz xəbər verir.

"İsrail ABŞ-ın tələbi ilə qəsəbələrin genişləndirilməsini dayandırdı, eyni zamanda heç kimin maraqlarına toxunmadan problemin digər həll yolunu nəzərdən keçirir", - deyə Barak bildirib.

Baş nazir ofisində məşvərətçi qismində çalışan Qilboa istisna etmir ki, Netanyahu Buş Administrasiyası və İsrailin keçmiş baş naziri Ariel Şaron arasında əldə olunmuş əvvəlki razılaşma məsələsini gələcəkdə qaldıracaq.

Kompromis imkanları da mümkün olmadığı təqdirdə, ABŞ-ın qəsəbənin inşasının dayandırılması tələbi Obama Administrasiyası ilə konkret addımların atılmasından sonra öz bəhrəsini verəcək, Fələstinin "Al Ayyam" qəzetinin icmalçısı Məhəmməd Yahi (Mohammed Yaghi) belə hesab edir. ABŞ-ın mövqeyi aydındır: onlar hər növ qəsəbənin inşasının dayandırılmasını tələb edir. Lakin məsələ ondadır ki, ABŞ Administrasiyası İsrailə təzyiq üsulundan istifadə edəcəkmi? Obama Administrasiyası öz sözündə ciddidirsə, o zaman bunu hərəkəti ilə sübut etməlidir", - deyə Trend -a elektron poçtla Yahi bildirib.

Yahi onu da əlavə edib ki, müsəlman və ərəb dünyasını Obamanın Qahirədəki sözlərinə inandırmaq üçün Vaşinqton konkret addımlar atmağa başlamalıdır. 

Qahirə Universitetinin tribunasında çıxış edən ABŞ Prezidenti İsraildən qəsbələrin inşasının dayandırılmasını tələb edib, fələstinliləri və israilliləri müstəqil Fələstin dövlətinin yaranmasını nəzərdə tutan "yol xəritəsi" prinsipinə əsasən təcili danışıqlara başalamağa çağırıb.

Qilboa hesab edir ki, Netanyahunun fələstinlilər ilə müqqədəratın təyin edilməsinin razılaşdırılması barədə sözləri ABŞ Administrasiyası üçün İsrailin regionda barışıq üçün kifayət qədər əsaslar yaratması barədə siqnal ola bilər.

"Hesab edirəm ki, Netanyahu Obamanın Amerakanın Yaxın Şərqdə barışıq planları üçün imkanları yaradacaq. Bu, İsrailin yumşalmasına nişanədir və danışıqların başlanması üçün yaxşı şansdır", - deyə Qilbao bildirib.

ABŞ Prezidenti Mitçelli vasitəsilə İsrail-Fələstin münaqişəsinin həlli planını təqdim edib, planın detalları iyulda açıqlanacaq, deyə "Qaarets" qəzeti məlumat verib. 

Müşahidəçilər hesab edirlər ki, Obama Yaxın Şərq "kvarteti"nin (Rusiya, ABŞ, Aİ, BMT) 2003-cü ildə qəbul edilmiş "yol xəritəsi"nə əsaslanaraq danışıqlarda yeni prinsiplər təklif etmək niyyətindədir.

Annapolisdə sülh prinsiplərindən imtina edən İsrail hökuməti "yol xəritəsi" əsasındakı danışıqlarla razıdır. Ona müvafiq olaraq, sülh prosesi mərhələli olaraq Fələstin dövlətinin yaradılması ilə nəticələnməlidir. Sənədin əsas tələbi Fələstin qruplaşmalarının İsrailə hərbi müqavimət göstərməsindən imtina etməsidir.

Şərqi İngiltərə Universitetinin beynəlxalq münasibətlər üzrə mühazirəçisi Nikola Pratt (Nicola Pratt) da hesab edir ki, İsrail və ABŞ arasında yəhudi qəsəbələrinin inşası məssələsi üzrə kompromis mümkündür. Bu, Vaşinqtonun İsraili ərəblərlə münasibətlərin normalaşdırılmasından şəxsi xeyri üçün yararlanmağa razı salmasından asılı olacaq, bu barədə Pratt Trend -a elektron poçtla bildirib.

"İsrail hökuməti ərəblərlə münasibətlərin normallaşdırılması zamanı öz təhlükəsizliyinə əmin olarsa, bu, qəsəbələrlə bağlı problemi həll etməyə kömək edəcək", - deyə o bildirib. Şərqi Yerusəlim daxil olmaqla Qərb sahilində sakinlərin ümumi sayı yarım milyon təşkil edir. İsrailin hakimiyyətdə olan koalisiyası qəsəbəni 40%-ə qədər genişləndirmək niyyətindədir, deyə İsrail KİV-i xəbər verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti