...

Gəncədə müasir Azərbaycan diplomatiyasının 90 illiyi qeyd olunub

Siyasət Materials 6 İyul 2009 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müstəqilliyi və dövlətçiliyi uğrunda vuruşan milli qüvvələrin formalaşmasında, Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumətinin xarici siyasət və hərbi sahədə ilk qərarlarının həyata keçirilməsində Gəncə şəhəri tarixi rol oynayıb.

"Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən əvvəl, Cənubi Qafqazda siyasi vəziyyətin çox mürəkkəb olduğu və tez-tez dəyişdiyi bir zamanda Milli Şuranı təşkil edən Azərbaycanın qabaqcıl siyasi xadimləri 1917-1918-ci illərdə Tiflisdə Cənubi Qafqaz Komissarlığı və onun Seyminin tərkibində aktiv diplomatik fəaliyyətə başlayaraq və vacib diplomatik təcrübə əldə edərək, milli istiqlaliyyət uğrunda siyasi mübarizə aparıblar", - Trend -un məlumatına görə, bazar ertəsi xarici işlər naziri Elmar Məmmədyarov Gəncə şəhərində keçirilən müasir Azərbaycan diplomatiyasının 90-cı ildönümünə həsr olunan konfransda bildirib.

Trend -un arayışı:
Azərbaycan Prezidenti İlham Əliyevin 24 avqust 2007-ci il tarixli fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı elan edilib.

Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinə dair qərar 1919-cu il iyulun 9-da qəbul edilib.

Məmmədyarovun sözlərinə görə, 1918-ci il mayın 28-də Tiflisdə Milli Şura tərəfindən İstiqlal Bəyannaməsinin qəbul edilməsindən iki gün sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı radioteleqrafla bütün ölkələrin Xarici İşlər nazirliklərinə yayılıb. "Bu məlumatda Gəncə şəhəri yeni yaranmış dövlətin müvəqqəti paytaxtı kimi göstərilib. Mürəkkəb daxili və beynəlxalq şəraitdə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökuməti və Milli Şurası iyun ayının 16-da Tiflisdən Gəncəyə köçüb və burada milli qüvvələri səfərbər edərək, Azərbaycanın dövlət süverenliyi və ərazi bütövlüyünü təmin etməyi, ilk növbədə, Bakını bolşevik və daşnak qüvvələrindən azad etməyi qarşısına başlıca məqsəd qoyub", - xarici işlər naziri əlavə edib.

Nazir deyib ki, milli hakimiyyətin möhkəmlənməsi, dövlət strukturları və nizami ordunun yaradılması ilə yanaşı, gənc Azərbaycan Hökumətinin qarşısında duran ən vacib diplomatik vəzifə Birinci Dünya müharibəsində qalib gəlmiş müttəfiq dövlətlər tərəfindən təşkil olunan Paris sülh konfransında iştirak etməsi və Azərbaycan dövlətinin dünya birliyi tərəfindən tanınması idi. "Nəhayət, böyük çətinliklərdən sonra Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında iştirak etmək hüququnu qazanıb. Habelə, 1920-ci il yanvarın 11-də Paris sulh konfransında Azərbaycan diplomatiyası özünün ən vacib uğurunu əldə edir - Versal Ali Şurasını təşkil edən müttəfiq ölkələr yekdilliklə Azərbaycan dövlətini tanıyıb", - Məmmədyarov vurğulayıb.

Xarici işlər nazirinin bildirdiyi kimi, XX əsrin sonunda Azərbaycan öz müstəqilliyini bərpa etmək üçün tarixi fürsət əldə edib. "Həmin vaxt qonşu Ermənistanın hərbi təcavüzünə məruz qaldı, ağır iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm sürdüyü Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayırdı. Belə bir mürəkkəb şəraitdə Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə gəlməsini tarixi əhəmiyyətli hadisə kimi qiymətləndirmək lazımdır. Məhz Ulu Öndərin hərtərəfli fəaliyyəti nəticəsində milli dövlətçilik möhkəmləndirilib, Azərbaycanın milli maraqlarının təmin edilməsinə yönələn xarici siyasətinin prioritet istiqamətləri müəyyənləşdirilərək onların həyata keçirilməsi təmin olunub", - Məmmədyarov qeyd edib.

Onun fikrincə, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə nəzərəçarpan tərəqqi əldə edilib. "Azərbaycan geniş Xəzər və Qara dənizləri bölgəsində baş verən strateji siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir regional liderə çevrilib. Ölkəmiz xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib, beynəlxalq aləmdə daha çox nəzərəçarpan və hörmət edilən ölkəyə çevrilib və xarici siyasət məqsədlərini daha da təkmilləşdirib", - nazir xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti