...

Azərbaycandan kənarda qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunan şəxslər məhkəmədə özlərini təqsirli bilməyiblər

Siyasət Materials 16 İyul 2009 13:51 (UTC +04:00)
Prosesdə dövlət ittihamçısı ittiham aktını oxudu, sonra isə təqsirləndirilən şəxs Araz Kəngərli ifadə verdi.

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir H.Bağırov /

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycandan kənarda qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunan şəxslərin məhkəmə iclası keçirilib.

Prosesdə dövlət ittihamçısı ittiham aktını oxuyub və təqsirləndirilən şəxs Araz Kəngərli ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, Əfqanıstan və Pakistanda ABŞ və onun müttəfiq ölkələrin ordusu müsəlmanlara təcavüz edirlər. "Onların bu hərəkətlərinə dözməyib, həmin silahlı qüvvələrə qarşı döyüşmək qərarina gəldim. Bu məqsədlə də İranın Zahidan şəhərinə yollandım və qanunsuz yolla sərhədi keçib Pakistan və Əfqanıstan sərhədində yerləşən Vəziristan vilayətinə getdim. Orada Taliban ordusuna qoşuldum və 2 ay müddətində xidmət göstərmişəm. Həmin orduda ABŞ Silahlı Qüvvələrinə qarşı mübarizə aparmışam. Bu mübarizə cihaddı və ona görə özümü təqsirli bilmirəm", - deyə Kəngərli bildirib.

Telman İsayev və Cahanqir Bağırov da ifadə veriblər. İsayev Azərbaycan sərhədini qanunsuz keçdiyinə görə özünü qismən təqsirli bilib. Bağırov isə özünü təqsirli bilməyib.

Dəstə üzvləri 2008-ci ilin əvvəlindən başlayaraq müxtəlif tarixlərdə Pakistan və Əfqanıstana gedərək hərbi düşərgələrdə hərbi təlimlər keçiblər. Həmin ölkələrdə azərbaycanlı kontingentin də daxil olduğu hərbi koalisiya qüvvələrinə qarşı döyüşüblər. Dəstə üzvləri ötən ilin sonunda həbs ediliblər.

Onlar barəsindəki cinayət işinin istintaqı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsində aparılıb. Dəstə üzvləri Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə (228-ci), Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmə (318-ci) və s. maddələri ilə təqsirləndirilirlər.

Xəbər lenti

Xəbər lenti