...

Azərbaycanlı deputatlar Türkmənistanın Xəzər dənizində hərbi baza yaratmasını təhlükə hesab etmirlər

Siyasət Materials 31 Avqust 2009 12:00 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatları Türkmənistanın öz dəniz sərhədlərini qorumaq üçün hərbi dəniz bazası yaratmaq niyyətinin Xəzəryanı ölkələr arasında gərginliyə səbəb olmayacağını düşünürlər. "Türkmənistan suveren dövlət kimi öz hüquqlarından istifadə edir və dəniz sərhədlərini qorumaq üçün hər bir ölkənin atdığı addımları atır", - bazar ertəsi Trend News-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.
Azərbaycanlı deputatlar Türkmənistanın Xəzər dənizində hərbi baza yaratmasını təhlükə hesab etmirlər

Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin deputatları Türkmənistanın öz dəniz sərhədlərini qorumaq üçün hərbi dəniz bazası yaratmaq niyyətinin Xəzəryanı ölkələr arasında gərginliyə səbəb olmayacağını düşünürlər.

"Türkmənistan suveren dövlət kimi öz hüquqlarından istifadə edir və dəniz sərhədlərini qorumaq üçün hər bir ölkənin atdığı addımları atır", - bazar ertəsi Trend -a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.

Trend -un arayışı: Türkmənistan qısa müddət ərzində Xəzərdə Müdafiə Nazirliyi və Sərhəd Xidmətinin hərbi-dəniz bazasını yaradacaq, bazar günü Türkmənistanın Dövlət Təhlükəsizlik Şurasının geniş iclasında Prezident Qurbanqulı Berdımuhəmmədov bildirib, RİA Novosti yazır.

Təhlükəsizlik Şurasının Polis Akademiyasının yeni binasının açılışına həsr olunmuş geniş iclasında çıxış edən dövlət başçısı qeyd edib ki, Türkmənistan quru sərhədi ilə yanaşı, dəqiq şəkildə mühafizə edilməli olan müəyyən ölçülü dəniz sərhədinə malikdir, Türkmənistan televiziyası xəbər verir.

"Hazırda bizim dəniz sərhədimizin möhkəmləndirilməsi və Xəzər sahillərinin yadlardan mühafizəsi üzrə xüsusi işlər həyata keçirilir ", - Berdımuhəmmədov bildirib. O qeyd edib ki, dəniz hövzəsinin lokasiya və optik nəzarət sistemi yaradılacaq.

Mirzəzadənin sözlərinə görə, Azərbaycana qonşu və dost olan ölkə kimi Türkmənistanın bu hüququna hörmətlə yanaşmaq lazımdır. "Əgər gələcəkdə Azərbaycandan bununla bağlı kömək istənilərsə, düşünürəm ki, bundan imtina edilməyəcək. Çünki Azərbaycanın bu sahədə böyük təcrübəsi və artıq dünya tərəfindən qəbul edilən peşəkar hərbi-dəniz qüvvələri var", - millət vəkili əlavə edib.

Komitə sədrinin müavini deyib ki, beş Xəzəryanı dövlətdən biri kimi Azərbaycandan Türkmənistana heç vaxt təhlükə ola bilməz. "Azərbaycan sülhsevər dövlətdir, qonşu dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır", - Mirzəzadə vurğulayıb.

"Xəzəryanı ölkələrin faktiki olaraq hamısının hərbi dəniz qüvvələri var və ona görə də Türkmənistanın belə addım atması normaldır", - bazar ertəsi Trend -a millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti