...

Azərbaycan Baş Prokurorluğu Goranboy təhsil şöbəsində korrupsiya faktları aşkarlayıb

Siyasət Materials 26 Sentyabr 2009 11:50 (UTC +04:00)
Baş Prokurorluq Goranboyda orta məktəblərin XI sinif şagirdindən buraxılış imtahanları və attestat almaları üçün rüşvət yığılması faktları aşkar edib.
Azərbaycan Baş Prokurorluğu Goranboy təhsil şöbəsində korrupsiya faktları aşkarlayıb

Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Baş Prokurorluq Goranboyda orta məktəblərin XI sinif şagirdindən buraxılış imtahanları və attestat almaları üçün rüşvət yığılması faktları aşkar edib.

Baş Prokurorluqdan şənbə günü Trend -a verilən məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Goranboy Rayon təhsil şöbəsi və bir neçə orta məktəblərinin vəzifəli şəxsləri tərəfindən vətəndaşlardan kütləvi şəkildə rüşvət alma faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.1-ci (rüşvət alma, passiv rüşvətxorluq) maddələri ilə cinayət işi açılıb.

İstintaqla müəyyən edilib ki, Goranboy rayon təhsil şöbəsinin müdiri Elmar Əliyev korrupsiya şəbəkəsi yaradaraq, şöbənin metodiki kabinetinin müdiri Faiq Dosiyev və bir sıra məktəb direktorları ilə birgə Goranboyun 52 orta və Kəlbəcərin müvəqqəti olaraq bu rayonun ərazisində məskunlaşmış 11 orta məktəb direktorunu da öz cinayət əməlinə cəlb edib.

O, həmin məktəblərin XI sinif şagirdlərindən mərkəzləşdirilmiş qaydada keçirilməsi nəzərdə tutulan test imtahanlarında yüksək bal və attestat verilməsi müqabilində pul yığılmasını təşkil edərək külli miqdarda rüşvət alıb.

Əliyev buraxılış imtahanları ərəfəsində orta məktəb direktorlarının iştirakı ilə iclas keçirib, imtahanların nazirlik tərəfindən "çox ciddi" aparılacağını, təhsil şöbəsinin razılığı olmadan heç kimin imtahanları uğurla verib attestat almasının mümkün olmayacağını bildirib. Buraxılış imtahanlarının qeyri-kafi göstəricilərlə yekunlaşacağından narahat olan məktəb direktorları məlum iclasdan sonra Əliyevə müraciət etdikdə o, direktorlara yaranmış vəziyyətdən çıxış yolu kimi imtahanı müvəffəqiyyətlə verib attestat almaq istəyən XI sinif şagirdlərinin hər birindən 100 manat yığıb şöbənin metodiki kabinetinin müdiri Faiq Dosiyev vasitəsilə ona çatdırılmasını göstərib. Faiq Dosiyev isə öz növbəsində Elmar Əliyevin tapşırığı əsasında məktəb direktorlarından onların şagirdlərdən 50-100 manat həddində topladıqları pulları qəbul edərək Əliyevə çatdırıb.

Əliyevin yaşayış və iş yerlərində axtarış zamanı şagirdlərin 1996-2002-ci illərdə orta məktəbi bitirmələrinə dair müxtəlif seriya və nömrəli 44 ədəd yazılmış, 27 ədəd isə boş əsas təhsil haqqında şəhadətnamə və orta təhsil haqqında attestatlar aşkar edilərək götürülüb.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında Əliyev və metodiki kabinetin müdiri Faiq Dosiyev Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri, Goranboy şəhər 1 nömrəli orta məktəbinin direktoru Xasay Qasımov, Səfikürd kənd orta məktəbinin direktoru Cəmaləddin Nəsibov, Dəliməmmədli kənd orta məktəbinin direktoru Rövşən Abbasov, Ağamalıoğlu kənd orta məktəbinin direktoru İlqar Əliyev isə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediliblər.

Təqsirləndirilən şəxslər - Elmar Əliyev, Cəmaləddin Nəsibov, İlqar Əliyev barəsində həbs qətimkan tədbiri, Faiq Dosiyev, Rövşən Abbasov və Xasay Qasımov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İstintaqın gedişində Goranboy rayonunun 52 orta məktəbinin şagirdlərindən yığılmış 39420 manat, Kəlbəcər rayonunun isə 11 məktəbinin şagirdlərindən yığılmış 4340 manat məbləğində pulun təqsirləndirilən şəxs Elmar Əliyev tərəfindən vətəndaşlara qaytarılması təmin edilib.

Həmçinin istintaq zamanı təhsil şöbəsinin son 3 ilə dair maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması barədə məhkəmə qərar qəbul edib və müvafiq yoxlama təyin edilib.

Maliyyə Nazirliyi tərəfindən aparılan təftiş qismən tamamlanaraq müvafiq aktlar istintaqa təqdim edilib. Yoxlama zamanı təhsil şöbəsinin kassasında 31486 manat məbləğində pul vəsaitinin çatmadığı, təhsil şöbəsinin inzibati binasının və məktəblərin əsaslı və cari təmiri üçün ayrılmış vəsaitdən 142600 manatın saxta sənədlər tərtib olunmaqla mənimsənildiyi, faktiki işləməyən şəxslərin, o cümlədən Azərbaycanın hüdudlarından kənarda olan müəllimlərin adlarına hesablanmış 48862 manat məbləğində pulun israf edildiyi, şagirdlərin say həddinə görə siniflərin düzgün komplektləşdirilməməsi nəticəsində artıq saxlanılmış 539 sinfə görə 1241953 manat məbləğində pulun əsassız ödənildiyi, aylıq əməkhaqqı cədvəllərinin yekunlarının düzəliş edilərək artırılması nəticəsində kassadan 169257 manat məbləğində pulun əsassız silindiyi və s. faktlar aşkara edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti