...

Azərbaycan Prezidenti İsmayıllıda Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib

Siyasət Materials 29 Oktyabr 2009 16:30 (UTC +04:00)
Son illər İsmayıllıda inşa olunan infrastruktur obyektləri sırasında Olimpiya-İdman Kompleksi də var. Azərbaycanda idman hərəkatının geniş vüsət aldığı bir vaxtda bölgələrdə olimpiya-idman komplekslərinin inşası xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının tapşırığına əsasən, təkcə 2008-ci ildə 8 olimpiya-idman kompleksinin açılışı olub. Hazırda 20-dən çox kompleksin inşası davam etdirilir.
Azərbaycan Prezidenti İsmayıllıda Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı İsmayıllıda Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Rayon ictimaiyyətinin nümayəndələri dövlət başçısını və xanımını hərarətlə qarşılayıblar. Mehriban xanıma gül dəstəsi təqdim olunub.

Son illər İsmayıllıda inşa olunan infrastruktur obyektləri sırasında Olimpiya-İdman Kompleksi də var. Azərbaycanda idman hərəkatının geniş vüsət aldığı bir vaxtda bölgələrdə olimpiya-idman komplekslərinin inşası xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının tapşırığına əsasən, təkcə 2008-ci ildə 8 olimpiya-idman kompleksinin açılışı olub. Hazırda 20-dən çox kompleksin inşası davam etdirilir.

Prezident İlham Əliyevin regionlara səfərləri çərçivəsində yeni olimpiya-idman komplekslərinin açılışında, bəzilərinin isə təməlqoyma mərasimində iştirak etməsi bu sahəyə dövlət qayğısının daha da artdığını göstərir. Yeni idman obyektləri dünya standartlarına cavab verməklə yanaşı, həm də ölkəmizdə yaradılan idman infrastrukturunun güclü əsaslara söykəndiyini təsdiqləyir. Cəsarətlə demək olar ki, Azərbaycan dünya idman aləminə aparıcı mərkəzlərdən biri kimi daxil olub. Prezident İlham Əliyevin bu istiqamətdə göstərdiyi səylər ölkəmizin bütün sahələrdə olduğu kimi, idman aləmində də yetərincə nüfuz qazanması ilə nəticələnib. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib, İsmayıllı Olimpiya-İdman Kompleksi ilə tanış olub.

Məlumat verilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən inşa olunmuş kompleksin tikinti işlərinə "Asnaf" sənaye-tikinti şirkəti tərəfindən 2007-ci ildə başlanılıb. Ümumi sahəsi 7,5 hektar olan kompleksin əsas binası iki mərtəbədən ibarətdir. Birinci mərtəbənin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən guşə yaradılıb. Bu mərtəbədə müxtəlif yarışların və məşqlərin keçirilməsi üçün 510 tamaşaçı yerlik idman zalı, məşqçi, həkim və digər otaqlar var.

Prezident İlham Əliyev idman zalında idmançıların çıxışlarını izləyib. İkinci mərtəbədə trenajor və cüdo zalları, habelə ən müasir avadanlıqla təchiz olunmuş konfrans zalı, yeməkxana, inzibati və digər yardımçı otaqlar yerləşir. Dövlət başçısı ikinci mərtəbənin eyvanından kompleksin ərazisini seyr edib.

Ərazi ilə tanışlıq zamanı məlumat verilib ki, burada 900 yerlik süni örtüklü futbol meydançası, 191 yerlik üzgüçülük hovuzu, 2 tennis kortu, kotteclər, basketbol və voleybol meydançaları, avtomobil dayancağı inşa olunub, abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Olimpiya-İdman Kompleksi İsmayıllı rayonunda idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onları yeni idman qurğusunun açılışı münasibətilə təbrik edib. Rayon Məşğulluq Mərkəzinin direktoru, futbol məşqçisi Rüstəm Səmədov rayon ictimaiyyəti adından dövlət başçısına təşəkkür edib.

Xəbər lenti

Xəbər lenti