...

Azərbaycan Prezidenti Respublika klinik uroloji xəstəxanasının əsaslı təmirdən sonra açılış mərasimində iştirak edib

Siyasət Materials 21 Yanvar 2010 13:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yanvarın 21-də Bakıda Respublika klinik uroloji xəstəxanasının əsaslı təmirdən sonra açılış mərasimində iştirak ediblər.
Azərbaycan Prezidenti Respublika klinik uroloji xəstəxanasının əsaslı təmirdən sonra açılış mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yanvarın 21-də Bakıda Respublika klinik uroloji xəstəxanasının əsaslı təmirdən sonra açılış mərasimində iştirak ediblər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mehriban xanıma gül dəstəsi təqdim olunub. Prezident İlham Əliyev və xanımı səhiyyə müəssisəsində yaradılmış şəraitlə tanış olublar.

Respublika klinik uroloji xəstəxanası keçmiş Sovet İttifaqında ilk ixtisaslaşmış uroloji klinikalardan biri olmaqla, 1966-cı ildə akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə yaradılıb. Xəstəxanada 1969-cu ildə hemodializ və süni böyrək laboratoriyası açılıb, 1971-ci ildə Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə uğurlu böyrəkköçürmə əməliyyatı həyata keçirilib.

Praktik fəaliyyətlə yanaşı, bu xəstəxananın respublikada urologiya və nefrologiya elminin inkişafında böyük rolu olub.

Prezident İlham Əliyevin 2007-ci ilin sentyabrında klinikanın əsaslı təmir-təchizatı və onun nəzdində böyrəkköçürmə mərkəzinin yaradılması haqqında imzaladığı Sərəncama uyğun olaraq Prezidentin Ehtiyat Fondundan, habelə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait hesabına xəstəxanada yenidənqurma işləri aparılıb.

Nəticədə klinika ən müasir standartlara cavab verən tibb ocağına çevrilib.

Bildirilib ki, ümumi sahəsi 7,6 min kvadratmetr olan xəstəxanada 167 otaq, o cümlədən 47 palata, 7 əməliyyat otağından ibarət iki əməliyyat bloku, mətbəx və s. əsaslı təmir edilmiş, yeni qazanxana tikilib, tibb ocağını fasiləsiz elektrik enerjisi ilə təmin edən generator, mərkəzləşdirilmiş və havalandırma sistemi qurulub. 120 çarpayılıq klinikada uroloji və nefroloji xəstələrə yüksək səviyyədə tibbi yardım göstərmək imkanı olan uroloji, hemodializ, böyrəkköçürmə, reanimasiya və anesteziologiya, şüa diaqnostikası, immunoloji laboratoriya və digər şöbələr var.

Dövlətimizin başçısı xəstəxananın əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, tövsiyə və tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti