...

Məruzəçilərin ölkə üzrə beş ildən artıq fəaliyyət göstərməsi subyektiv yanaşmalara gətirib çıxarır - AŞ PA-nın vitse-prezidenti

Siyasət Materials 26 Yanvar 2010 19:19 (UTC +04:00)

Fransa, Strasburq, 26 yanvar / Trend , müxbir A.Məhərrəmli/

Məruzəçilərin ölkə üzrə beş ildən artıq fəaliyyət göstərməsi subyektiv yanaşmalara gətirib çıxarır. Bu fikirləri Trend -a çərşənbə axşamı eksklüziv açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri, qurumun vitse-prezidenti Səməd Seyidov Monitorinq Komitəsinin məruzəçilərinin konkret fəaliyyət müddəti ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

"Bu gün AŞ PA-nın qış sessiyası çərçivəsində Monitorinq Komitəsinin iclası keçirilib. AŞ-də çox vacib olan məsələlərdən biri Monitorinq Komitəsinin məruzəçilərinin konkret müddət ərzində işləməsi gündəmə gəldi. Bununla bağlı, cənab Arqoman məruzə hazırlayıb. Məruzə bir neçə müddətdir ki, müzakirə olunur. Bu gün demək olar ki, sonuncu müzakirə keçirildi və prinsipial olaraq, məruzəçilərin beş ildən çox ölkə üzrə məruzəçi qalmaması qəbul olundu. Nadir hallarda məruzəçinin ölkədə işləməsi məsələsinə yarım il əlavə oluna bilər. Ümumi şəkildə, bu məsələ qəbul olundu və onun qüvvəyə minməsi bu ilin ortalarında olacaq. Bu məsələ əvvəlcə aprel ayında Daimi Komitədə müzakirə olunacaq və sonra iyun ayında qüvvəyə minəcək. Çox güman ki, ilin sonuna qədər bir qanun şəklində AŞ-də qəbul olunacaq", - Seyidov bildirib.

Nümayəndə heyətinin sədri məruzənin qəbul olunmasına tərəfdar olduqlarını qeyd edib.

"Təbii ki, biz bu məruzənin qəbul olunmasına tərəfdarıq. Məruzəçilərin ölkədə müsbət və ya mənfi fəaliyyət göstərmələrindən asılı olmayaraq, beş ildən çox müddət artıq subyektiv yanaşmalardır, nəinki obyektiv qiymətləndirmələr", - Seyidov əlavə edib.

O, habelə əlavə edib ki, Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunmayıb.

AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyətinə dair məsələyə toxunan Səməd Seyidov qeyd edib ki, bununla bağlı hələ ki iclas keçirilməyib.

"Bu günə kimi bununla bağlı iclas olmayıb. Assambleyanın qış sessiyası davam edir. Bununla bağlı konkret bir şey deyə bilmərəm. AŞ PA Bürosunun cümə günü növbəti iclası keçiriləcək. Hadisələrin necə cərəyan etməsini gözləyək", - nümayəndə heyətinin sədri bildirib.

Xəbər lenti

Xəbər lenti