Tarixən neft hasil edən ölkə kimi Azərbaycan regionda enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır, Azərbaycan prezidenti İlham Əliyev fevralın 5-də Münxen Təhlükəsizlik Konfransının "Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc" mövzusunda müzakirələr zamanı çıxış edərkən deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Qeyd etmək istəyirəm ki, Azərbaycan dünyada ilk dəfə neft hasil etmiş məkandır. Buna görə, biz neft hasilatı sahəsində zəngin tarixə malikik. Uzun illər və onilliklər ərzində Azərbaycan neftindən dünya tələbatlarını təmin etməkdə istifadə olunmuşdur. Lakin 1990-cı illərin əvvəlində ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, neft ehtiyatlarımızın əksər hissəsi tükənmişdi. Bizə çirklənmiş ərazilər miras qalmışdı. Neft hasilatının sürətlə azalması ölkə üçün bir çox problemlər yaratdı. Biz neft işinin yeni inkişaf mərhələsini yaratmalı idik. Lakin bunu necə etməli idik? Sovet İttifaqı dağıldıqda yenicə yaranmış bütün ölkələr bir çox iqtisadi və siyasi problemlərdən əziyyət çəkdilər. Buna görə, qürurumuzu bərpa etmək üçün bizim yeganə yolumuz beynəlxalq neft şirkətlərinin Xəzərin Azərbaycan sektoruna dəvət edilməsindən ibarət idi. Beynəlxalq neft şirkətləri ilə əməkdaşlığımız bu cür başladı. 1994-cü ildə dünyada ən böyük yataqlardan biri - "Azəri-Çıraq" yatağı kəşfiyyat işləri üçün hazır idi. Elə həmin ildə, "Əsrin müqaviləsi" imzalandı və o, Azərbaycana, neft və qaz ehtiyatlarımıza bir çox milyardlıq sərmayələr üçün qapını açdı. Həmin vaxtdan etibarən, biz uğurlu enerji strategiyamızı davam etdirməyə müvəffəq olduq. Hökumət ilə sərmayədarlarımız arasında çox yaxşı və dost münasibətləri qurduq. Münbit sərmayə mühitini yaratdıq və neft irsimizi bərpa etməyə nail olduq. Bu gün ölkə əsas enerji mənbələri ilə tam şəkildə təmin olunub. Neft hasilatımızın həcmi bir neçə dəfə artıb və indi biz artıq hər gün bir milyon barrel neftdən söhbət aparırıq. Hasilata və infrastruktura qoyduğumuz sərmayələr bizə enerji təchizatı mənbələrini şaxələndirmək imkanını yaratdı. Biz Azərbaycan neftini Qara və Aralıq dənizlərinə nəql edən üç boru kəməri çəkdik. Ümid edirik ki, hasilatın bugünkü həcmi gələcək onilliklər ərzində də davam edəcəkdir. Bu, bizə xeyli maliyyə vəsaitlərini toplamağa və neftdən əldə edilən gəlirləri iqtisadiyyatımızın qeyri-neft sektoruna - təhsil, sosial və səhiyyə sektorlarına, eləcə də infrastruktura yönəltmək imkanını yaratdı. Məhz buna görə, iqtisadi böhran və neft qiymətlərinin kəskin azalması ilə səciyyələnən 2009-cu ildə də Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirdi və həmin ildə iqtisadiyyatımız 9 faizdən çox artmışdır. Şaxələndirmə bizim üçün prioritetlərdən biri idi. Çünki biz yalnız bir təchizat marşrutundan asılı ola bilməzdik. Hazırda biz üç neft təchizatı marşrutuna malikik və bu, regionda tamamilə yeni vəziyyət yaratdı. Çünki dünyada ilk dəfə olaraq Xəzər dənizi, əgər belə demək olarsa, xarici şirkətlər üçün açıq elan edildi. İlk dəfə olaraq, Xəzərdə hasil edilən neft boru kəmərləri ilə beynəlxalq bazarlara çıxarılmağa başlandı. Bu gün həmin boru kəmərləri Xəzərin şərq sahillərində yerləşən digər təchizatçılar tərəfindən də istifadə edilir", - İlham Əliyev deyib.
Onun sözlərin görə, bütün neft müqavilələri ölkədə parlament tərəfindən ratifikasiya olunur və qanuna çevrilir ki, heç kəs heç bir sözü dəyişə bilməsin.
"Bu gün biz təbii qazın nəqli üçün "Cənub dəhlizi", Nabukko və digər layihələr haqqında danışırıq. Lakin aydındır ki, son illər ərzində Azərbaycanda qurulmuş infrastruktur olmadan bütün bu müzakirələr əsassız olardı. Biz qapıları açdıq və çox münbit sərmayə mühiti yaratdıq. Hazırda sərmayədarlar ilə hökumət arasında çox böyük etimad olan bir vəziyyətdəyik. Qeyd etmək istədiyim digər mühüm elementlərdən biri isə ondan ibarətdir ki, bütün neft müqavilələri ölkəmizdə parlament tərəfindən ratifikasiya olunur və qanuna çevrilir ki, heç kəs heç bir sözü dəyişə bilməsin. Bu, sərmayədarlar arasında əlavə etimad yaradır. Onlar tamamilə əmindirlər ki, hökumət hətta əgər şərtləri yenidən razılaşdırmaq və güclü mövqeyindən irəli gələrək, əlavə üstünlükləri əldə etmək istəsə belə, bunu etmək hüququna malik deyildir. Enerji şaxələndirilməsi sahəsində görülən işlər bu gün sonrakı inkişaf üçün yaxşı imkanlar yaradır. 2007-ci ildən əvvəl Azərbaycan təbii qaz idxal edirdi. Lakin bizim işlənilməsinə başladığımız böyük qaz yataqlarımız vardır. Hazırda isə, Azərbaycan nəinki öz daxili tələbatını təmin edir, o cümlədən qazı müxtəlif istiqamətlərdə ixrac edir. Ölkəmizdə qaz hasilatının həcmi artır. Ümid edirik ki, bu il qaz hasilatının həcmi 30 milyard kubmetrə yaxın olacaqdır. Daxili tələbatın həcmi isə, hasil olunacaq həcmin təxminən üçdə birinə bərabərdir. Bu, o deməkdir ki, bizdə ixrac üçün böyük həcmdə təbii qazımız olacaqdır. Bilirik ki, Avropanın bizim təbii qaza ehtiyacı vardır. Avropa tərəfdaşlarımızla enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi məsələləri üzərində çalışırıq", - Azərbaycan prezidenti bildirib.
Prezidentin sözlərinə görə, neft və qaz üçün Azərbaycanda artıq gözəl infrastruktur vardır.
"Əvvəlcə qeyd etdiyim kimi, neft və qaz üçün bizim artıq gözəl infrastrukturumuz vardır. Biz hasilatın artırılması üçün gələcəkdə istifadə oluna biləcək dəhliz yaratmışıq. Çünki hesablamalara görə, Azərbaycanda minimal qaz ehtiyatları 2 trilyon kubmetrdir. Lakin bu, 5 trilyon kubmetr də təşkil edə bilər. Bu, nəinki bizim və regional istehlakçılar üçün, o cümlədən Avropa istehlakçıları üçün ən azı yüz ilə kifayətdir. Biz bu məsələlər üzərində işləyirik və Azərbaycan hər zaman konstruktiv olub. Biz bütün şaxələndirmə təşəbbüslərini dəstəkləmişik. Bu gün biz təchizat marşrutlarımızı tam şaxələndirmişik. Bizim istənilən istiqamətə gedən üç neft və dörd qaz boru kəmərlərimiz vardır. Hər bir istiqamətə gedən boru kəməri genişləndirilə bilər. Biz sadəcə, istehlakçılar, tranzit ölkələr və hasilatçılar arasında sazişlərə aid bütün zəruri məsələlərin həllini və əlavə olaraq, 20 milyard kubmetr qazı hasil etmək məqsədi ilə məbləği təxminən 20 milyard dollar olacaq sərmayələrin yeni mərhələsinin başlanmasını gözləyirik. Əlbəttə ki, bu, istehlakçılarımızın istifadəsinə veriləcəkdir. Hesab edirəm ki, daxil olmağa çalışdığımız yeni mərhələyə nail olmaq üçün biz bir sıra mühüm məsələləri həll etməliyik. Birincisi, hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqlar tarazlığı olmalıdır. Əgər tarazlıq təmin olunmasa, bu layihələri irəliyə doğru aparmaq çətin olacaqdır. İkinci mühüm məsələ böyük maliyyə paketinin olmasıdır. Hər hansı əlavə boru kəməri layihəsi üçün çox böyük sərmayələr qoyulmalıdır. Azərbaycan öz tərəfdaşları, xarici neft şirkətləri ilə milyardlarla dolları təbii qazımızın hasilatına yatırmağa hazırdır. Lakin onu Avropa bazarlarına çıxarmaq üçün boru kəməri infrastrukturuna böyük sərmayələr qoyulmalıdır. Biz texniki yardımı təmin edə bilərik. Təcrübəmizdən, texniki təcrübəmizdən və tranzit ölkələrlə tranzit sazişlərin razılaşdırılması təcrübəmizdən istifadə oluna bilər. Eyni zamanda, ehtiyatlarımız üçün ədalətli bazar qiyməti olmalıdır. Bugünkü vəziyyət bizi qane edir. Çünki hazırda ölkəmizin bütün əsas maliyyə problemlərinin həllinə nail olmuşuq. Enerji təchizatı sahəsində tam şaxələndirməyə malikik. Biz iqtisadiyyatı şaxələndirə bildik. Qeyd etdiyim kimi, 2009-cu ildə iqtisadi artım 9 faizdən çox olmuşdur. Sənaye artımı 8,6 faiz, inflyasiya dərəcəsi isə 1,5 faiz olmuşdur. Azərbaycan iqtisadi və siyasi islahatları davam etdirir. Dünya Bankı 2008-ci ildə Azərbaycanı dünyada birinci islahatçı ölkə elan etmişdir. Liberal iqtisadiyyat, bazar iqtisadiyyatı və siyasi islahatlar birlikdə ölkəmizdə çox yaxşı mühit yaratmışdır. Biz xeyli maliyyə vəsaitlərini toplaya bildik. 2009-cu ildə neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq, maliyyə vəsaitlərimiz artmışdır. Bu gün onların həcmi 20 milyard dollardan artıqdır. Bu, doqquz milyon əhalisi olan ölkə üçün kifayətdir. Gələn onilliklər ərzində neft hasilatı göstəricisinin gündə ən azı 1 milyon barrel səviyyəsində olacağını nəzərə alsaq, bu, o deməkdir ki, gələcəkdə bizim hər hansı maliyyə yardımına ehtiyacımız olmayacaqdır", - prezident İlham Əliyev deyib.
Onun sözlərinə görə, nəzərdə tutulan bütün layihələrin həyata keçirilməsi üçün həlli vacib olan əsas problemlərdən biri regionda sülhün bərqərar olmasıdır.
"Nəzərdə tutduğumuz bütün layihələrin həyata keçirilməsi üçün qarşılaşdığımız həlli vacib olan əsas problemlərdən biri əlbəttə ki, regionda sülhün bərqərar olmasıdır. Uzun illər ərzində Azərbaycan əraziləri Ermənistanın işğalı altında qalır. Bu işğal demək olar ki, iyirmi ildir davam edir. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Biz Ermənistan-Azərbaycan münaqişəsinin həll yolunu mümkün qədər tez tapmaq və Azərbaycanın bütün dünya, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazi bütövlüyünün bərpasını istəyirik. Beynəlxalq təşkilatların bütün qərarlarında Azərbaycanın ərazi bütövlüyünə tam dəstək verilir. Bu məsələ regional sabitliyə və inkişafa böyük təhlükə yaradır. Əlbəttə ki, o, tammiqyaslı regional əməkdaşlığa maneədir və bütün planlarımıza xələl gətirə bilər. Biz tərəfdaşlarımızla apardığımız əməkdaşlığa tam sadiqik. Biz bütün enerji layihələrinə kommersiya nöqteyi-nəzərindən yanaşırıq. Bu layihələrdə mühüm kommersiya elementi olmalıdır. Eyni zamanda, şaxələndirməyə nail olmaq lazımdır. Çünki yalnız bir təchizat mənbəyindən asılılıq bizim üçün gələcəkdə problemlər yarada bilər.
Hesab edirəm ki, enerji təhlükəsizliyinə dünyada, xüsusən də bu konfransda yetirilən diqqət həmin məsələlərin nə dərəcədə vacib olduğunu göstərir. Bu məsələlərə böyük sadiqlik, güclü siyasi iradə ilə və regional problemləri tam şəkildə anlayaraq yanaşmaq lazımdır. Çünki bizim regionda, Qafqazda və Xəzər regionunda siyasi inkişaf və iqtisadi əməkdaşlıq məsələləri bir-biri ilə sıx bağlıdır", - İlham Əliyev deyib.