...

Azərbaycan Prezidenti Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində aparılan təmizlik və abadlıq işlərinin gedişi ilə tanış olub

Siyasət Materials 19 Mart 2010 20:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Bakının Qaradağ rayonunda yeni gəmiqayırma zavodunun təməlqoyma mərasimindən qayıdarkən yolüstü Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində aparılan təmizlik və abadlıq işlərinin gedişi ilə tanış olub.
Azərbaycan Prezidenti Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində aparılan təmizlik və abadlıq işlərinin gedişi ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Bakının Qaradağ rayonunda yeni gəmiqayırma zavodunun təməlqoyma mərasimindən qayıdarkən yolüstü Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində aparılan təmizlik və abadlıq işlərinin gedişi ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində həyata keçirilən tədbirlərin gedişi ilə bağlı məlumat verib.

Qeyd edilib ki, dövlət başçısının təşəbbüsü və birbaşa tapşırığı ilə respublikamızın müxtəlif yerlərində, o cümlədən Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində son illər, eləcə də 2010-cu "Ekologiya ili"ndə geniş təmizlik və abadlıq tədbirləri həyata keçirilib. Bu günədək təkcə Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində 526 hektar çirkli torpaq sahəsinin monitorinqi aparılıb, 216 hektar ərazi mexaniki və bioloji üsullarla rekultivasiya edilib.

Təmizlənmiş ərazilərdə 60 mindən artıq müxtəlif ağac, kol və gül tingləri əkilib. İstismar quyularını qapalı sistemə keçirmək üçün mədənlərdə lay suları axıdılan torpaq kanal dəmir-beton kanalla əvəz olunub, min kubmetrlik iki rezervuar tikilib, 800 metr uzunluğunda metal boru xətti korroziyaya davamlı şüşə-plastik boru ilə əvəz olunub, bir neçə gölməçə qurudulub. Ərazidə ləğv edilmiş bütün dor və qüllələr sökülüb, istismar quyularının ətrafında abadlıq işləri aparılıb. Qeyri-perspektivli hesab edilən 232 quyu istismardan çıxarılıb. Yatağın dəniz və quru hissələrində yararsız hala düşmüş estakada meydançaları və özüllər, yeraltı və yerüstü boru xətləri, rezervuarlar və digər metal konstruksiyalar sökülüb, batmış və yarımbatmış gəmilər qaldırılaraq metal qırıntısı kimi təhvil verilib.

Nəqliyyat vasitələrindən atmosfer havasına atılan qazların tərkibinə nəzarət etmək üçün Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində ekoloji yoxlama-ölçmə məntəqəsi tikilib və müasir cihazlarla təchiz olunub.

Həyata keçirilən təmizlik və abadlaşdırma tədbirləri ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti