...

Azərbaycan deputatları Ərdoğan-Sarqsyan görüşünün nəticəsiz yekunlaşmasını rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi ilə izah edirlər

Siyasət Materials 13 Aprel 2010 13:16 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatları hesab edirlər ki, Türkiyənin Baş naziri ilə Ermənistan prezidentinin ABŞ-dakı görüşündə müsbət nəticə əldə olunmaması rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyindən irəli gəlir.
Azərbaycan deputatları Ərdoğan-Sarqsyan görüşünün nəticəsiz yekunlaşmasını rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi ilə izah edirlər

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatları hesab edirlər ki, Türkiyənin Baş naziri ilə Ermənistan prezidentinin ABŞ-dakı görüşündə müsbət nəticə əldə olunmaması rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyindən irəli gəlir.

"Ermənistan prezidenti Serj Sarqsyandan, ümumiyyətlə, erməni tərəfindən kimsə indiyə qədər konstruktiv bir söz eşidibmi?". - Çərşənbə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Bazar ertəsi ABŞ-da Türkiyənin Baş naziri ilə Ermənistan prezidenti arasında təkbətək görüş keçirilib. Görüşdə Ermənistan prezidenti iddialarından geri çəkilməyəcəyini bildirib.

Qurbanlının sözlərinə görə, təcavüzkarla təcavüz dilində danışmaq lazımdır.

"Əlbəttə, Türkiyə Baş nazirinin ABŞ-a səfəri və burada Sarqsyanla görüşməsi lazım idi. Amma hamıya bəllidir ki, ermənilər Türkiyəyə qarşı qondarma soyqırım, ərazi iddiaları və Qarabağ məsələsində tam işğalçı və təcavüzkar mövqedən çıxış edir. Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, soyqırım iddiası erməniləri birləşdirən, erməniçiliyin ideologiyasının əsasını təşkil edən bir məsələdir", - hakim partiya funksioneri əlavə edib.

Onun fikrincə, bu səbəbdən erməni lobbisinin, ermənipərəst dairələrin soyqırım məsələsində geri çəkiləcəyini düşünmək sadəlövhlük olardı.

"Ermənilər Qərb dövlətlərinin əli ilə Türkiyəyə təzyiq göstərərək, bu ölkədən həm soyqırımı tanımağı tələb edir, həm də gələcəkdə Türkiyəyə ərazi iddiaları üçün bütün siyasi, hüquqi, psixoloji, mənəvi əsas yaratmaq istəyir. Ermənilər XIX əsrin ortalarında Qərbin xristian dünyasının Osmanlı İmperiyasına göstərdiyi təzyiqləri bu gün ABŞ başda olmaqla Qərb dövlətləri vasitəsilə müasir Türkiyəyə göstərmək istəyir", - Qurbanlı vurğulayıb.

Millət vəkili deyib ki, bütün bunları nəzərə alaraq, Sarqsyanla Ərdoğanın danışıqlarından hansısa müsbət nəticənin ortaya çıxacağını düşünmür.

"Ermənilər hiyləgərliklə Türkiyəni oyundankənar vəziyyətə salmaq, həmçinin də Qarabağdan geri çəkilməmək iddiasındadırlar. Belə olan şəraitdə Sarqsyandan başqa cür mövqe gözləmirdim. Ona görə ermənilərə heç bir güzəştə getmək, danışıqlar stolunda onların hiyləgərliyinə uymaq lazım deyil. Ermənistan qondarma soyqırım, Türkiyəyə ərazi iddialarından və Qarabağdan geri çəkilməlidir. Əks halda, Türkiyə sərhədləri açmayacaq, Azərbaycan isə əlverişli vəziyyət yarandıqda Ermənistana özünün hüquqlarını qorumaq üçün digər vasitələri işə salmaqla təsir göstərəcək", - icra katibinin müavini xatırladıb.

 
"Türkiyənin Baş naziri ilə Ermənistan prezidentinin görüşündə hər hansı bir nəticənin əldə ediləcəyi nəzərdə tutulmurdu", - çərşənbə axşamı Trend-ə Böyük Quruluş Partiyasının başqanı (BQP), millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, bu görüş daha çox tərəflərin müəyyən dərəcədə taktiki savaşı mərhələsində keçirilib: "Yəni heç bir tərəf öz mövqeyindən geri çəkilmir, eyni zamanda, səmərəsiz olsa belə yenə görüşürlər. Deməli, prosesdə rolu olan digər qüvvələri müəyyən qədər razı salmaq və prosesi dayandırmamaq üçün belə addımlar atılır", - o qeyd edib.

Millət vəkilinin fikrincə, mübahisələrin kəsilməsi üçün təzyiq mexanizmi olmalıdır: "Amma burada təzyiq təkcə Türkiyəyə yönəlirsə və Ermənistana ciddi təzyiq göstərilmirsə, olduqca narahatedici məsələdir. Əks halda Ermənistanın mövqeyində dəyişiklik olacağı gözlənilən deyil. İşğalçı Ermənistandır və əgər o addım atmırsa, işğal olunan hansı addımı atmalıdır. Ermənistan Türkiyəyə qarşı ərazi iddiasından da geri çəkilmir. Amma eyni zamanda münasibətlər yaratmaq istəyirlər. Soyqırım məsələsi gündəmdədirsə, Türkiyə ilə hansı münasibəti yaratmaq olar?"  - BQP başqanı vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti