Gürcüstan, Tbilisi, 15 aprel /Trend, müxbir, N.Kirsxaliya/
Gürcüstan Prezidenti Mixail Saakaşvili Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Cozef Bayden ilə görüşüb. Gürcü tərəfinin məlumatına görə, görüş zamanı əvvəl imzalanmış Strateji Əməkdaşlıq Haqqında Xartiya çərçivəsində Gürcüstan - Amerika münasibətlərinin geniş spektri müzakirə olunub.
Görüş zamanı əsas diqqət Abxaziya və Cənubi Osetiya arasında vəziyyətə, ölkənin üzləşdiyi təhlükələrə, cari islahatlara, seçkiqabağı vəziyyətə, demokratik və ədalətli seçkilərin keçirilməsinin təmin olunmasına və digər aktual məsələlərə yönəlib.
Bayden beynəlxalq terrorizmə qarşı mübarizə məqsədilə Əfqanıstana hərbi kontingent göndərdiyinə görə Gürcüstana təşəkkürünü bildirib.
Prezident Saakaşvili, həmçinin, senator Riçard Luqar ilə görüşüb.
Gürcüstan Prezidenti bundan əvvəl nüvə təhlükəsizliyi sammitində çıxış edib. Onun sözlərinə görə, Tbilisi qlobal təhlükələrin azaldılmasında fəal iştirak edir. Beynəlxalq birliyin köməyi ilə mümkün insidentlərin qarşısı alınıb. Lakin Gürcüstanda hələ də təhlükəli yerlər qalmaqdadır və bunlar, əsasən, beynəlxalq monitorinqin keçirilmədiyi işğal olunmuş ərazilərdir.