...

Azərbaycanın hakim partiyasının təşəbbüsü ilə "Heydər Əliyev və inkişafın Azərbaycan modeli" adlı konfrans keçirilib (FOTO)

Siyasət Materials 8 May 2010 13:25 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının təşkilatçılığı ilə şənbə günü "Gülüstan" sarayında "Heydər Əliyev və inkişafın Azərbaycan modeli" adlı konfrans keçirilib.
Azərbaycanın hakim partiyasının təşəbbüsü ilə "Heydər Əliyev və inkişafın Azərbaycan modeli" adlı konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbirlər A.Hüseynbala, K.Zərbalıyeva/

Azərbaycanın hakim partiyasının təşkilatçılığı ilə şənbə günü "Gülüstan" sarayında "Heydər Əliyev və inkişafın Azərbaycan modeli" adlı konfrans keçirilib.

"Bu il də təkcə Azərbaycanda deyil, dünyanın hər yerində Ümummilli Liderimizin xatirəsi anılır, ona dərin hörmət və ehtiram ifadə olunur", - Trend-in məlumatına görə, şənbə günü "Gülüstan" sarayında "Heydər Əliyev və inkişafın Azərbaycan modeli" adlı konfransda Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

Əhmədovun sözlərinə görə, Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı müstəsna xidmətləri Azərbaycan xalqı tərəfindən heç zaman unudulmur.

"Azərbaycan xalqı Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib və hər il onun doğum gününün Azərbaycanın hər bir guşəsində və Azərbaycandan kənarda, azərbaycanlıların yaşadıqları hər bir yerdə qeyd olunması Ümummilli Liderə xalqımızın böyük hörmətinin, ehtiramının yüksək mənalı ifadəsidir. Hesab edirəm, nə qədər Azərbaycan var, Heydər Əliyev anılacaq, onun ideyaları yaşayacaq, Heydər Əliyevə xalqımızn qəlbindəki hörmət və məhəbbət əbədi olacaq", - sədr müavini əlavə edib.

Onun fikrincə, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri oilub.

"Müstəqil dövlətin formalaşması, iqtisadi inkişafın yüksək həddə çatması, məhz Ümummilli Liderin böyük inkişaf ideyaları ilə bağlıdır. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə də böyük inkişaf nümunəsi kimi göstərilir", - Əhmədov vurğulayıb.

Təhsil naziri Misir Mərdanov isə deyib ki, Ümummilli Lider Heydər Əliyevin iqtisadi və siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanı bir tək regionun deyil, dünyanın siyasi cəhətdən ən sabit ölkəsinə çevirib, beynəlxalq aləmdə yüksək nüfuz qazandırıb.

"Azərbaycanın son illərdə bütün sahələrdə sürətli inkişafı ölkə Prezidentinin idarəetmə modeli sahəsində mümkün olub.
Ölkədə elmin, mədəniyyətin, təhsilin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə elm-təhsil sahəsində Heydər Əliyev tərəfindən başlanmış islahatlar indi də uğurla davam etdirilir. Görülən işlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Bu isə şagirdlərin 75 faizini təşkil edir. Azərbaycanın dünyanın ali təhsil müəssisələrində təhsil alan tələbələrinin sayı 10 min nəfərdən çoxdur. Bunun da 500-dən çoxu Dövlət Proqramı əsasında təhsil alanlardır. 7 mindən çox əcnəbi tələbə isə Azərbaycanda təhsil alır", - Mərdanov çıxışında deyib.

Deputat Şəmsəddin Hacıyev isə çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev müstəqil dövlət üçün möhkəm iqtisadi baza yaradıb.
"Müstəqilliyimizin ilk 10 ili Heydər Əliyev dövrüdür. Azərbaycan iqtisadiyyatının, təhsilinin inkişafında Ümummilli Liderin müstəsna xidmətləri olub", - Hacıyev deyib.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov  bildirib ki, hakimiyyətə gəldiyi ilk günlərdən Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi təyin olunub. Onun sözlərinə görə, respublikamızın həyatının bütün sahələrində olduğu kimi sosial sahədə də Ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplər uğurla reallaşdırılıb.

"Hazırda müavinət alanların sayı 300 min təşkil edir, ünvanlı sosial yardımı isə 160 min ailədən olan 700 min nəfər insan alır", - deyə Müslümov bildirib.

DSMF-nin sədri onu da qeyd edib ki, 2010-cu ildə dövlət büdcəsindən sosial sahəyə 2,5 mlrd. manat məbləğində vəsaitin (müavinətlərlə bağlı) ayrılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti