...

Azərbaycanın Seçki Məcəlləsində edilən dəyişikliklər seçki prosesinə təsir etməyəcək - MSK sədri Məzahir Pənahov

Siyasət Materials 25 İyun 2010 15:25 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri hesab edir ki, Seçki Məcəlləsində edilən dəyişikliklər seçki prosesinə mənfi təsir etməyəcək.
Azərbaycanın Seçki Məcəlləsində edilən dəyişikliklər seçki prosesinə təsir etməyəcək - MSK sədri Məzahir Pənahov

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri hesab edir ki, Seçki Məcəlləsində edilən dəyişikliklər seçki prosesinə mənfi təsir etməyəcək.

"Məcəlləyə edilən dəyişikliklər və əlavələr seçkilərin şəffaf və demokratik keçirilməsinə təsir etməyəcək. Seçkilərlə bağlı əsas məqamlar beynəlxalq standartlara cavab verir. Demokratik ölkələrdəki analoji addımlarla müqayisədə Azərbaycandakı dəyişikliklər müsbət mənada üstünlük təşkil edir. Azərbaycan bəlkə də yeganə ölkə idi ki, seçki prosesində namizədə vəsait ayrılması praktikası tətbiq edilirdi. İndi belə praktika heç bir ölkədə tətbiq olunmur", - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə MSK sədri Məzahir Pənahov bildirib.

İyunun 18-də Azərbaycanın Seçki Məcəlləsinə 33 əlavə və dəyişiklik edilib. Əlavə və dəyişikliklərin əsası deputatlığa namizədlər üçün dövlət büdcəsindən ayrılan vəsaitin ləğvi, seçkilərin elan olunmasının 75 gündən 60 günə endirilməsi, seçki dairələrinin siyahılarının seçki gününə 55 gün qalmış təsdiqlənməsi, 50 gün qalmış dərc edilməsidir.

Pənahov deyib ki, seçkilərin təşkili ilə bağlı heç bir problem yoxdur.

"Yanvar ayından etibarən, seçici siyahısının dəqiqləşdirilməsi ilə məşğul oluruq. May ayından paralel olaraq seçki dairələri üzrə hazırlıq, maarifləndirmə işləri həyata keçirilir. Hətta namizədlərin irəli sürülməsi və təşviqi ilə bağlı da problem yoxdur", - Pənahov əlavə edib.

MSK sədri Parlament seçkilərində beynəlxalq müşahidəçilərin iştirakı məsələsinə də toxunub. Bildirib ki, seçkilər elan olunduqdan sonra, bu məsələlər qanunun tələbinə uyğun həyata keçiriləcək.

"MSK olaraq beynəlxalq təşkilatlarla görüşlərimizdə bildirmişik ki, seçkilərin şəffaf, demokratik keçirilməsi üçün geniş müşahidə missiyasının həyata keçirilməsinin tərəfdarıyıq. Arzu edən təşkilatlar bizim tərəfimizdən məmnuniyyətlə qarşılanacaq və onlar üçün hər cür şərait yaradılacaq", - Pənahov əlavə edib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti