...

Azərbaycanın Böyük Britaniyadakı səfiri "Open Central Asia" jurnalına müsahibə verib

Siyasət Materials 30 İyun 2010 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov "Open Central Asia" jurnalına müsahibə verib. Bu barədə Trend-ə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda bildirilir ki, səfir Orta Asiya ölkələri ilə Azərbaycan arasındakı münasibətlərdən bəhs edib, eləcə də Böyük Britaniya və Azərbaycan arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində görülən tədbirlərdən danışıb. Bu çərçivədə təsis olunmuş Britaniya-Azərbaycan Biznes Şurasının fəaliyyəti və ölkəmizə britaniyalı iş adamlarından ibarət ticarət missiyalarının səfərlərinin iki ölkə arasındakı işgüzar əlaqələrə təkan verəcəyi vurğulyıb.

Səfir ölkəmizin enerji potensialından da bəhs edib. Azərbaycanın çoxşaxəli enerji ixrac infrastrukturuna malik olduğu və nəinki region ölkələri, bütövlükdə Avropanın enerji təchizatında öz çəkisini artırdığı nəzərə çatdırılıb. Qədim İpək yolunun bərpası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəqliyyat layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin Uzaq Şərq və Qərb ölkələri arasında yükdaşımalara müsbət təsir göstərəcəyi vurğulanıb.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin ən böyük qeyri-sabitlik mənbəyi kimi qaldığını və münaqişənin sülh yolu ilə həllinin vacibliyini qeyd edib, mövcud vəziyyətin davam etməsinin regional sabitliyə ciddi təhdid yaratdığını və münaqişənin sülh yolu ilə həlli məqsədilə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasının mühümlüyünü bildirib.

Jurnalın bu sayında Bakı şəhəri haqqında turistlər üçün nəzərdə tutulmuş məlumat və səfirliyin təşkilatçılığı ilə bu ilin mart ayında Britaniya parlamentində keçirilmiş Novruz bayramı ilə əlaqədar tədbir haqqında da məlumatlar yer alıb.

Xəbər lenti

Xəbər lenti