...

Azərbaycanda ilin sonuna qədər müdafiətəyinatlı məmulatlara dair 42 milyon manat məbləğində müqavilələrin bağlanması gözlənilir - nazir Yavər Camalov

Siyasət Materials 14 İyul 2010 11:22 (UTC +04:00)
Azərbaycanda ilin sonuna qədər müdafiətəyinatlı məmulatlara dair 42 milyon manat məbləğində müqavilələrin bağlanması gözlənilir
Azərbaycanda ilin sonuna qədər müdafiətəyinatlı məmulatlara dair 42 milyon manat məbləğində müqavilələrin bağlanması gözlənilir - nazir Yavər Camalov

2010-cu ilin altı ayında müdafiətəyinatlı məmulatlara dair bağlanmış müqavilələrin həcmi 61,1 milyon manat təşkil edir. İlin sonunadək yaradılacaq müdafiətəyinatlı məmulatların seriyalı istehsalını təmin etməklə, əlavə olaraq, 42 milyon manat məbləğində müqavilələrin bağlanması gözlənilir, - bunu Nazirlər Kabinetində Prezidentin iştirakı ilə bu ilin altı ayının yekunlarına dair keçirilən müşavirədə Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

"Müdafiətəyinatlı məmulatların 2010-cu il üçün istehsal həcmi 103 milyon manata çatdırılacaq. Onu da qeyd edim ki, 2010-cu il üçün bağlanmış müqavilələrin həcmi 2006-cı illə müqayisədə 120 dəfə, 2007-ci illə müqayisədə 9,6 dəfə, 2008-ci illə müqayisədə 6 dəfə artıb.
Cari ilin ötən dövründə müəssisələrdə 2010-cu ilin dövlət müdafiə sifarişi proqramında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilmişdir. Bu il proqrama uyğun olaraq, 98 mövzu üzrə 108 məmulatın yaradılması nəzərdə tutulmuşdur ki, bu da 241 mərhələni əhatə edəcək. Hesabat dövründə həmin mərhələlərdən 15-i yerinə yetirilmiş, 19-u başa çatmaq üzrədir. Digərləri üzərində işlər davam etdirilir. Eyni zamanda, mövzular üzrə taktiki-texniki tapşırıqlar işlənilir, atıcı və artilleriya silahlarının, döyüş sursatlarının, optik cihazların sınaqlarının keçirilməsi üçün hazırlıq işləri aparılır", - Camalov deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agnetliyi yayıb.

Nazirin sözlərinə görə, 2010-cu ildə 413 adda müdafiətəyinatlı məmulatların və onların ehtiyat hissələrinin istehsalı nəzərdə tutulmuşdur ki, bu da 2009-cu ildə istehsal olunan məmulatların sayından 1,2 dəfə çoxdur. Hazırda bağlanmış müqavilələrin tam həcmdə yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 2010-cu ildə, əsasən, müxtəlif tipli minaatanların, qumbaraatanların, snayper tüfənginin, optik nişangahların, kollimatorların, minaların, atəş yığımlarının, aviasiya bombalarının, müxtəlif növ atıcı silahlar üçün trenajorların, tank və piyadaların döyüş maşınları üçün tırtıl dəstlərinin, müxtəlif növ patronların, əl qumbaralarının və s. məmulatların seriyalı istehsalı nəzərdə tutulmuşdur.

Hesabat dövründə dövlət müdafiə sifarişi proqramının icrası ilə bağlı nazirliyin tabeliyində olan müəssisələrdə müdafiətəyinatlı məmulatların istehsal sahələrinin yaradılması məqsədilə "Sənayecihaz" elmi müəssisəsində, "Telemexanika" zavodunda və "Araz" zavodunda 2009-cu ildə başlanmış işlər davam etdirilmişdir. Yeni layihələrin, layihə-smeta sənədlərinin hazırlanması və maliyyələşdirilməsi istiqamətində işlər davam etdirilir. Bütünlükdə, 2010-cu ildə 10 obyektdə tikinti və yenidənqurma işləri aparılır ki, onlardan da 8-i bu il istifadəyə veriləcək.

Aparılan marketinq işləri nəticəsində 535 ədəd dəzgah və avadanlığın alınması üçün kontraktların bağlanması istiqamətində işlər yekunlaşdırılmış, qrafik üzrə avadanlığın alınıb-gətirilməsinə başlanmışdır. 2010-cu ilin dövlət müdafiə sifarişi proqramında güc strukturlarının sifarişi əsasında Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 5200 ədəd atıcı silah, zirehli texnika və digər müdafiətəyinatlı məmulatların təmiri, 321 min ədəd müxtəlif növ əmlakın isə utilizasiyası nəzərdə tutulmuşdur ki, bu istiqamətdə də işlər davam etdirilir.

Camalov bildirib ki, müəssisələrdə istehsal olunan məhsullar xarici ölkələrdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində nümayiş etdirilir. Ötənilki İstanbul sərgisində 27 adda məmulatla iştirak etdiyimiz halda, bu ilin mayında İordaniyanın Əmman şəhərində keçirilən sərgidə nazirlik tərəfindən 55 adda məmulat nümayiş etdirilmişdir.

"Bu ilin sonunadək Polşada və Cənubi Afrika Respublikasında keçiriləcək beynəlxalq sərgilərdə iştirak etmək planlaşdırılır. Onu da qeyd edim ki, Sizin tapşırığınıza əsasən, müdafiə sənayesi sahəsində keçirilən sərgilərdə daimi iştirakçı olmağı qarşımıza məqsəd qoymuşuq. Biz bununla Azərbaycan Respublikasının hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, güclü müdafiə sənayesinin mövcudluğunu göstəririk. Cənab Prezident, bu gün Azərbaycan müdafiə sənayesinin beynəlxalq sərgilərdə təmsil olunmasına məhz Sizin bu sahəyə göstərdiyiniz xüsusi diqqətin nəticəsində nail olunmuşdur", - Camalov bildirmişdir". -  "Bu gün Müdafiə Sənayesi Nazirliyi dünyanın 60-dan çox ölkəsi ilə əməkdaşlıq edir. Məhz bu tədbirlər nəticəsində qısa müddət ərzində nazirliyin müəssisələrində müasir tələblərə cavab verən müdafiətəyinatlı məmulatların seriyalı istehsalı həyata keçirilir. Yaradılmış yeni istehsal sahələri, quraşdırılmış texnologiya və avadanlıqlar hesabına istehsal olunan müdafiətəyinatlı məmulatların çeşidlərinin sayı 413-ə çatdırılmışdır. İstehsal həcmi ümumilikdə 2006-cı illə müqayisədə 2009-cu ildə 2,8 dəfə, müdafiətəyinatlı məmulatların istehsalı isə 46 dəfə artırılmışdır. Artıq əminliklə deyə bilərik ki, müstəqil Azərbaycanın qısa müddət ərzində yaradılmış hərbi sənaye kompleksi ölkəmizin Silahlı Qüvvələrini silah-sursat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara məhsul ixrac etməyə qadirdir.
Bu gün dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, nazirliyin müəssisələrində yaradılmış istehsal bazası müdafiətəyinatlı məmulatların istehsalı ilə yanaşı, respublikanın xalq təsərrüfatının bütün sahələri üçün müxtəlif mülki məhsulların istehsalını həyata keçirməyə imkan verir", - Camalov vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti