...

Rusiyanın Gümrüdəki bazası haqqında müqavilə Kremlin regiona təsirinin genişlənməsinə atılan addımdır – ekspertlər

Siyasət Materials 20 Avqust 2010 15:12 (UTC +04:00)
Rusiyanın Gümrüdəki hərbi bazasının icarəsi haqqında yeni müqavilənin uzadılması Rusiyanın regionda təsirini genişləndirməsi və möhkəmləndirməsi üçündür. Lakin bu addım Yerevanın iddiaları nəzərə alınmaqla, regionun sabitliyinə mənfi təsir göstərə bilər, - ekspertlər belə hesab edirlər.
Rusiyanın Gümrüdəki bazası haqqında müqavilə Kremlin regiona təsirinin genişlənməsinə atılan addımdır – ekspertlər

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir E.Tarıverdiyeva/

Rusiyanın Gümrüdəki hərbi bazasının icarəsi haqqında yeni müqavilənin uzadılması Rusiyanın regionda təsirini genişləndirməsi və möhkəmləndirməsi üçündür. Lakin bu addım Yerevanın iddiaları nəzərə alınmaqla, regionun sabitliyinə mənfi təsir göstərə bilər, - ekspertlər belə hesab edirlər.

"Rusiyanın Gümrüdəki bazasının icarəsinin uzadılması regiondakı güc balansını əhəmiyyətli dərəcədə yerindən tərpədir. Bakı və Ankara məsələnin belə qoyuluşundan, çətin ki, məmnun olsunlar", - "Heritage Foundation"-nin Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi məsələləri üzrə aparıcı ekspert, Trend-in ekspertlər şurasının üzvü Ariel Koen hesab edir.

"Rusiya və Ermənistan cümə günü sənədin qüvvədəolma müddətinin uzadılması üzrə 1995-ci ildən bəri Gümrüdə Rusiya hərbi bazası haqqında ikitərəfli müqaviləyə dəyişikliklərin edilməsi haqqında protokol imzalayıblar", - xəbəri "RİA-Novosti" yayıb.

1995-ci il müqaviləsinin qüvvədəolma müddəti 25 il təşkil edirdi, indi isə sənəd 49 il qüvvədə olacaq (1995-ci ildən başlayaraq).

Ermənistanın şimalında yerləşən Gümrüdə 1995-ci ildən Rusiya hərbi bazası yerləşdirilib. Bu baza MDB HHM birləşdirilmiş sistemləri çərçivəsində döyüş növbətçiliyi həyata keçirir. Baza RF-in Zaqafqaziyadakı Şimali Qafqaz Hərbi Dairəsinin Rusiya qoşunları qrupuna tabedir.

Baza "S-300" zenit raket kompleksləri ilə və "MiQ-29" qırıcıları ilə təchiz olunub. Bazadakı şəxsi heyətin sayı beş min nəfərə yaxındır.

Rusiya hərbi bazası Ermənistan ərazisində qaldığı dövrdə RF-in maraqlarının müdafiəsi funksiyasını həyata keçirməklə yanaşı, erməni silahlı qüvvələri ilə birgə Ermənistanın təhlükəsizliyini də təmin edir. Sənədə uyğun olaraq, Rusiya erməni tərəfini müasir və uyğun silahlarla, hərbi (xüsusi) texnika ilə təmin etməlidir.

Ekspertlərin fikrincə, Gümrüdəki bazanın icarə müddətinin uzadılması, ilk növbədə, Rusiyanın regiondakı təsirinin möhkəmləndirilməsinə yönəlib.

Koenin sözlərinə görə, indi Obama Administrasiyası Avrasiya və ümumilikdə, Qafqaza münasibətdə müdaxiləetməmə siyasətini yürütsə də, Kreml zamanın sınağından çıxmış öz geopolitik prinsiplərini həyata keçirməkdə davam edir.

"Gümrüdəki baza ilə bağlı vəziyyət, bu yaxınlarda icarəsinə yenidən baxılan Sevastopoldakı hərbi-dəniz bazası ilə oxşarlıq təşkil edir. Onun icarəsi 2042-ci ilədək uzadılıb", - ekspert hesab edir.

"Moskva regionun yerüstü, dəniz və hava məkanında nəzarətini genişləndirir. Kreml, sadəcə olaraq, hava məkanını Amerika qüvvələrinin üzünə bağlayır. ABŞ onlardan gələcəkdə gözlənilməz vəziyyətlərdə, məsələn, İrana qarşı hərbi zərbələrdə istifadə edə bilər və bununla Rusiyanın razılığı olmadan bu məkanın Qərb tərəfindən istifadəsini istisna edər", - Trend-ə elektron poçtla Koen bildirib.

Ermənistan politoloqu Sergey Şakaryanın fikrincə, Rusiya bazasının müddətinin uzadılması barədə müqavilə böyük əhəmiyyət kəsb etmir; belə ki, hərbi baza ilə bağlı bütün məsələlər 1995-ci ildə analoji müqavilənin imzalanması zamanı təfərrüatı ilə araşdırılıb, - məlumatı Tert.am yayıb.

"Hərbi bazanın dislokasiya müddətinin uzadılması həm Ermənistan, həm də Rusiya üçün əhəmiyyətsiz addımdır", - Şakaryan bu lüzumsuz tələsmənin onun üçün anlaşılmaz olduğunu əlavə edərək bildirib.

Ekspert əmindir ki, Ermənistan və Rusiya hökumətləri Rusiya hərbi bazasının dislokasiya müddətinin uzadılması ilə Zaqafqaziyanın İrana qarşı mübarizədə istifadə oluna bilməyəcəyini bildirməklə yaxın qeyri-regional dövlətləri irəli çəkirlər.

"Baza üzrə yeni müqavilənin imzalanmasından sonra çətinləşən vəziyyət regionda sabitliyə mənfi təsir göstərəcək", - ekspertlər belə hesab edirlər.

Azərbaycan Parlamentinin deputatı Aydın Mirzəzadənin fikrincə, sənədin imzalanması Ermənistanın tələblərini gücləndirəcək və regiondakı vəziyyətə mənfi təsir göstərəcək.

Deputat hesab edir ki, Rusiya Cənubi Qafqazda çox ehtiyatlı siyasət aparır, lakin sabah Rusiya yaranmış gərginliyə görə məsuliyyət daşıyacaq.

Koenin fikrincə, Gümrüdə baza haqqında yeni müqaviləyə əsasən, Ermənistan sərhədləri Azərbaycan və Türkiyədən qorunacaq.

"Bu, regionda gərginliyi artıra bilər; rəsmi Ankara və Bakı isə çətin ki, bu perspektivdən məmnun olsunlar", - Koen deyib.

Azərbaycan Parlamentinin digər deputatı Asim Mollazadə belə hesab edir ki, mövcud müqavilənin imzalanmasından sonra, Ermənistan davamlı mövqe funksiyasını yerinə yetirəcək.

"Ermənistan silahlı qüvvələri Rusiya hərbi bazası əsasında formalaşır və Ermənistan bunun əvəzində iqtisadiyyatının böyük hissəsinin Rusiya tərəfindən özəlləşdirilməsinə imkan yaradır", - Mollazadə Trend-ə müsahibəsində bildirib.

Hərçənd, rusiyalı deputat, Dövlət Dumasının MDB məsələləri və həmvətənlərlə iş komitəsinin sədri Aleksey Ostrovskinin fikrincə, Rusiya hərbi bazasının Ermənistanda qalma müddətinin uzadılması regionda sabitliyi təmin edəcək, bu, Azərbaycanın maraqlarına ziyan vurmadan Ermənistanın maraqlarına cavab verir.

"Mən Prezident Medvedevin bu qərarı ilə bağlı Azərbaycan tərəfi üçün narahatlıq görmürəm", - Ostrovski çərşənbə günü "RİA-Novosti" agentliyinə bildirib və qeyd edib ki, Rusiyanın regionda digər müttəfiqi və strateji tərəfdaşı olan Azərbaycanda müəyyən narahat reaksiyanın yaranması tamamilə mümkündür.

Onun sözlərinə görə, Rusiya özünün bütün tərəfdaşları ilə bərabərhüquqlu münasibətlər qurur.

"Əminəm ki, Azərbaycanla da əməkdaşlıq paralel inkişaf edəcək", - deputat bəyan edib. O hesab edir ki, Qafqazda özünün hərbi mövcudluğunu qoruyub-saxlayan Rusiya, regionun hegemon dövləti statusunu təsdiqləyərək, təkcə öz maraqlarını deyil, öz tərəfdaşlarının da maraqlarını təmin edir.

O həmçinin bildirib ki, Rusiya, şübhəsiz, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlı tərəfdir; bu da Rusiya rəhbərliyini və şəxsən Prezident Medvedevin ardıcıl siyasəti ilə, eləcə də Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin keçirdikləri son bir neçə görüşlə təsdiqlənir.

Koenin fikrincə, Moskvanın Dağlıq Qarabağ prosesində irəliləyişin olmasında marağı regionda Kremlin öz maraqları ilə bağlıdır.

O bildirib: "Rusiya Dağlıq Qarabağ ətrafında uzanan ərazi mübahisəsində əsas vasitəçi rolunu üzərinə götürməyə çalışır, bu zaman Azərbaycanla yeni perspektivli tərəfdaşlıq münasibətlərini əldən buraxmadan, özünün Ermənistanla tarixi ittifaqını qoruyub-saxlamağa ümid edir".

Materialın hazırlanmasında M.Əliyev iştirak edib.

Xəbər lenti

Xəbər lenti