Azərbaycan, Bakı, 06 Noyabr /Trend, müxbir T.Hacıyev/ Azərbaycanda keçiriləcək seçkilər zamanı Ombudsman Aparatı tərəfindən müşahidələr aparılacaq. Bu barədə şənbə günü Trend-ə Azərbaycanın İnsan Hüquqlar üzrə Müvəkkili Elmira Süleymanova bildirib.
Onun sözlərinə görə, artıq Ombudsman Aparatının 38 nəfər müşahidəçisi təlimlər keçiblər və bu gün onlar bölgələrə göndərilib.
"Müşahidəçilər sabah tezdən seçki məntəqələrinin açılışından etibarən müşahidələrə başlayacaqlar. Nöqsan, qüsur aşkara çıxacağı təqdirdə, mənə telefon vasitəsi ilə məlumat verəcəklər" - Süleymanova deyib.
Azərbaycanda Parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.
Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.