Gürcüstan, Tbilisi, 14 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan hakimiyyəti ölkədəki terror aktları ilə bağlı işin vaxtında açılması üçün Rusiya tərəfi ilə əməkdaşlıq etmək istədiyini bir daha ifadə edib. "Demək olar ki, Gürcüstan ciddi terror aktlarından qaçıb", - Prezidentin mətbuat katibi Manana Mancqaladze bu gün brifinqdə bildirib.
"Gürcüstan hökuməti bir daha bu işin araşdırılması üçün Rusiyanın müvafiq idarələri ilə əməkdaşlığa tam hazır olduğunu ifadə edib. Bununla yanaşı, Prezident əhali üçün ciddi təhdidlərin qarşısını ala bildiklərinə görə hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib", - Mancqaladze bildirib.
Gürcüstanda dekabrın 4-də sentyabr-noyabr aylarında bir sıra partlayışlar həyata keçirən qrup saxlanılıb. İstintaqın məlumatına görə, qrup Abxaziyanın işğal olunmuş ərazilərindəki Rusiya hərbçiləri tərəfindən təlimatlandırılıb və idarə olunublar.
Noyabrın 28-də gecə Tbilisidə iki partlayış baş verib. Birinci partlayış Cavaxişvili küçəsindəki Leyboristlər Partiyasının ofisi yaxınlığında təxminən saat 02:00-da baş verib. Partiyanın binasının və yaxınlıqdakı binaların şüşələri sınıb. Ofisin divarları və tavanı uçub.
Partlayış nəticəsində Leyboristlər Partiyasının fəalı, 58 yaşlı Nino Qordeziani həlak olub. Daha beş nəfər, eləcə də azyaşlı uşaq müxtəlif dərəcəli xəsarətlər alıblar.
Sentyabrın 22-də Tbilisidə ABŞ-ın Gürcüstandakı səfirliyinin binasına yaxın ərazidə partlayış baş verib. Şəhər meriyasının fövqəladə hallar xidməti əməkdaşlarının ifadələrinə görə, partlayıcı qurğu səfirliyin girişindən təxminən 40 metr aralıda, qəbiristanlığın divarının altında yerləşdirilib.