...

Referendum Qazaxıstanın beynəlxalq imicinə zərbə vura bilər

Siyasət Materials 6 Yanvar 2011 16:55 (UTC +04:00)
Qazaxıstanın fəaliyyətdə olan prezidentinin səlahiyyətlərinin uzadılması ölkənin demokratik inkişafına ziyan vura və siyasi vəziyyəti pisləşdirə bilər. Mərkəzi Asiya ölkələri üzrə avropalı ekspert Yos Bunstra bu qənaətdədir.

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Y.Ostapenko/

Qazaxıstanın fəaliyyətdə olan prezidentinin səlahiyyətlərinin uzadılması ölkənin demokratik inkişafına ziyan vura və siyasi vəziyyəti pisləşdirə bilər. Mərkəzi Asiya ölkələri üzrə avropalı ekspert Yos Bunstra bu qənaətdədir.

"Əgər Nazarbayevə nəsə olsa, bu məsuliyyəti operativ şəkildə öz üzərinə götürəcək iddiaçılar və ya yeni liderlər olmayacaq", - Madriddəki FRIDE araşdırma mərkəzinin analitiki Bunstra Trend-ə bildirib.

Qazaxıstanda Prezident Nursultan Nazarbayevin səlahiyyətlərinin 2020-ci ilədək uzadılması məsələsi müzakirə olunur. Prezidentin səlahiyyətlərinin uzadılması ilə bağlı referendumun keçirilməsini dəstəkləmək üçün 2,5 milyondan artıq imza toplanıb. Qanunvericiliyə uyğun olaraq, təşəbbüskarlar bütün vilayətləri, Astana və Almatı şəhərlərini eyni şəkildə təmsil edən ən azı 200 min vətəndaşın imzasını, yəni hər bir regiondan ən azı 12,5 min imza toplamalıdırlar.

Bunstranın sözlərinə görə, əgər Qazaxıstan vətəndaşları prezidentin səlahiyyətlərinin uzadılması təşəbbüsünü referendumda dəstəkləyərlərsə, bu o anlama gələcək ki, yaxın 10 ildə ölkədə yalnız hakim "Nur Otan" partiyasının çoxluq təşkil etdiyi parlament seçkiləri keçiriləcək.

Ekspertin sözlərinə görə, prezidentin səlahiyyətlərinin uzadılması Mərkəzi Asiyada nisbətən daha açıq və inkişaf etmiş ölkə olan Qazaxıstanın beynəlxalq imicinə zərbə vuracaq.

"2010-cu ildə ATƏT-də birillik sədrliyin başa çatmasından dərhal sonra ölkə yenidən demokratiya yolundan döndü", - o deyib.

Qazaxıstanda prezident seçkiləri 2012-ci ildə keçirilməlidir, lakin o, referendumla əvəz edilə bilər. Yeganə namizəd vətəndaşların təxminən 90 faizinin dəstəyinə malik olan hazırkı Prezident Nursultan Nazarbayevdir.

Qazaxıstanın artıq fəaliyyətdə olan prezidentin səlahiyyətlərinin uzadılması üzrə ümumxalq referendumunun keçirilməsi təcrübəsi var: 1995-ci ildə referendum Nazarbayevin səlahiyyətlərini 1999-cu ilədək uzatdı. 70 yaşlı Nazarbayev 20 ildən artıqdır ki hakimiyyətdədir.

Bunstra hesab edir ki, Konstitusiyada dəyişiklər edilməsinin və prezidentin səlahiyyətlərinin uzadılmasının arzuedilməzliyinə baxmayaraq, Qazaxıstan Türkmənistan ssenarisinə can atmır. "Bu [konstitusiyanın dəyişdirilməsi] pis əlamətdir, lakin o, birbaşa Türkmənistan ssenarisi ilə müqayisə oluna bilməz", - o deyib.

Özbəkistanda və Türkmənistanda olduğu kimi, Qazaxıstanda da avtoritar rejim fəaliyyət göstərir. Lakin ciddi çatışmazlıqlara baxmayaraq, Bunstranın sözlərinə görə, Qazaxıstanda əsas insan haqları azadlığın bütün əsas prinsiplərinin və məntiqi olaraq demokratik inkişafın demək olar ki, mövcud olmadığı Türkmənistan və Özbəkistanla müqayisədə daha yaxşı müdafiə olunur.

O hesab edir ki, Qazaxıstanın demokratik institutları - parlament, ombudsman, vətəndaş cəmiyyəti daha inkişaf edib və başqa Mərkəzi Asiya respublikaları ilə müqayisədə bir qədər daha müstəqildirlər.

"Bütün türkmənlərin rəhbəri", Türkmənistanın sabiq və ilk prezidenti Saparmurat Niyazov tədricən ömürlük idarəçiliyi öz adına yazdırmışdı. O, 1990-cı ildən 2006-cı ilədək hakimiyyətdə olub. Ölkədə prezident seçkiləri haqqında qanun 2007-ci ildə, Niyazovun ölümündən sonra meydana çıxdı.

O, şəxsiyyətə pərəstiş yaratdı, hətta təhsil müəssisələrində məcburi qaydada tədris olunan "Ruhnamə" adlandırılan mənəvi dərsliyini buraxdırdı. "Bütün türkmənlərin rəhbəri"nin qızıl abidələri bütün ölkədə binaların qarşısında və parklarda ucalırdı.

Onun dövründə Türkmənistanda təhsil sistemi iflasa uğradı. Bir çox ixtisaslar üzrə dərs saatları azaldıldı, ali və orta məktəblərdə dərs saatları qısaldıldı ki, bunun nəticəsində məktəblilər xaricdəki ali məktəblərə daxil ola bilmirdilər.

"Mən Qazaxıstana demokratiyadan tam geridə qalan, Özbəkistan və Türkmənistan kimi öz-özünü təcrid etmiş ölkə qismində baxmıram, - Bunstra bildirib. - Buna baxmayaraq, demokratik dəyərlər kontekstində referendum haqqında qərar səhv istiqamətə addımdır".

Xəbər lenti

Xəbər lenti