...

Azərbaycan Afrika İttifaqında müşahidəçi statusunu alıb (FOTO)

Siyasət Materials 19 Yanvar 2011 11:28 (UTC +04:00)
Azərbaycan Afrika İttifaqı kimi nüfuzlu təşkilatda müşahidəçi statusunu alıb.
Azərbaycan Afrika İttifaqında müşahidəçi statusunu alıb (FOTO)

Azərbaycan, Bakı, 19 yanvar /Trend,müxbir S. Ağayeva/

Azərbaycan Afrika İttifaqı kimi nüfuzlu təşkilatda müşahidəçi statusunu alıb.

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev Afrika İttifaqının Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən mənzil-qərargahında Afrika İttifaqı Komissiyasının sədri Jean Pinqə etimadnaməsini təqdim edib. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Azərbaycan Respublikası etimadnamənin təqdim edilməsi və səfirin təyin olunması ilə Afrika İttifaqı yanında müşahidəçi statusu alıb.

Etimadnamənin təqdim olunması mərasimində Afrika İttifaqının Komissiyasının sədri Jean Pinq Azərbaycanın təşkilat yanında müşahidəçi statusu almaq niyyətinin Afrika İttifaqı və üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildiyini qeyd edərək, Azərbaycanın Afrika İttifaqı və Afrika dövlətləri ilə əməkdaşlığının bundan sonra daha sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edib, məlumatda deyilir.

Afrika İttifaqı qitənin 53 dövlətini birləşdirən beynəlxalq hökumətlərarası təşkilat, Afrika Birliyi təşkilatının davamçısıdır, 2002-ci ilin 9 iyulunda təsis olunub.

Təşkilat çərçivəsində daha vacib qərarlar yarım ildən bir keçirilən Afrika ittifaqının Assambleyası - təşkilata üzv olan dövlət və hökumət başçılarının toplantısında qəbul olunur. Afrika İttifaqı və Afrika İttifaqının katibliyi Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşir.

Müstəqillik qazandıqdan sonra Azərbaycanın qısa müddət ərzində əldə etdiyi nailiyyətlərin yüksək nəticə olduğunu bildirən Afrika İttifaqının Komissiyasının sədri Jean Pinq 2006-cı ildə Qabonun xarici işlər naziri vəzifəsində işləyərkən İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Azərbaycana səfər etdiyini və Azərbaycanın inkişafının, Azərbaycan xalqının mədəniyyətinin onda heyranlıq doğurduğunu nəzərə çatdırıb.

Səfir Abdullayev Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində Afrika dövlətlərinin problemlərinə daim şərik çıxdığını və bəşəriyyəti narahat edən qlobal təhlükələrin aradan qaldırılmasında Afrika dövlətləri ilə bənzər mövqedən çıxış etdiyini qeyd edərək, Afrika İttifaqı yanında müşahidəçi statusu almaqla, Azərbaycanın ümumafrika problemlərini daha yaxından izləmək, bu problemlərin həllinə və aradan qaldırılmasına öz töhfəsini vermək və təşkilata üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əsasda əlaqələrini daha da inkişaf etdirmək əzmində olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ilin sentyabrında BMT Baş Assambleyasının 65-ci sessiyasının ümumu müzakirələr hissəsindəki çıxışına istinad edən Abdullayev Azərbaycanın inkişaf etməkdə olan və təbii fəlakətlərdən əziyyət çəkən dövlətlərin tələb və ehtiyaclarına həssaslıqla yanaşdığını və bütün bəşəriyyət boyunca davamlı inkişafın təmin olunması prosesinə öz dəstəyini əsirgəmədiyini qeyd edərək, Azərbaycanın BMT çərçivəsində razılaşdırılmış Minilliyin inkişaf məqsədlərinin reallaşdırılmasına töhfə verməyi davam etdirəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti