...

Azərbaycan rəsmilərinin Misirə səfəri təxirə salınıb

Siyasət Materials 2 Mart 2011 16:17 (UTC +04:00)
Misirdə baş verən son hadisələrlə bağlı Azərbaycan rəsmilərinin bu ölkəyə səfəri uzun müddətə təxirə salınıb.
Azərbaycan rəsmilərinin Misirə səfəri təxirə salınıb

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir S.Ağayeva/

Misirdə baş verən son hadisələrlə bağlı Azərbaycan rəsmilərinin bu ölkəyə səfəri uzun müddətə təxirə salınıb. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bildirib.

Martın ilk günlərində nazirlik və gənclər təşkilatının təmsilçilərindən təşkil olunmuş 42 nəfərdən ibarət nümayəndə heyətinin müşayiəti ilə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun Misirə səfəri nəzərdə tutulmuşdu. Səfər zamanı Azərbaycan Gənclər Gününün Misirdə qeyd olunması və ölkənin rəsmiləri ilə danışıqların aparılması planlaşdırılmışdı.

Martın 8-9-da isə Qahirədə Azərbaycan tərəfdən komissiyanın həmsədri, iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi böyük hökümət nümayəndə heyətinin iştirakı ilə iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın dördüncü iclasının keçirilməsi nəzərdə tutulmuşdu. Misirdə baş verən son hadisələrlə bağlı təxirə salınan Qahirədəki iclasın işi çərçivəsində tematik sərgilərin keçirilməsi planlaşdırılırdı.

Azərbaycanın yüksək səviyyədə təqdim olunacağı İslam Konfransı Təşkilatının növbəti sammitinin keçirilməsi də uzun müddətə təxirə salınıb. Sammitin təşkili martın ortalarına nəzərdə tutulmuşdu.

Xəbər lenti

Xəbər lenti