...

Azərbaycan Parlamenti "Yol hərəkəti haqqında" qanuna dəyişikliklər edib

Siyasət Materials 4 Mart 2011 18:31 (UTC +04:00)
Cümə günü Azərbaycan Milli Məclisinin növbəti iclasında "Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklər edilib.
Azərbaycan Parlamenti "Yol hərəkəti haqqında" qanuna dəyişikliklər edib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir M.Əliyev/

Cümə günü Azərbaycan Milli Məclisinin növbəti iclasında "Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklər edilib.

Əlavə və dəyişikliklər nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına aiddir. Belə ki, qanun beynəlxalq nəqliyyat vasitələri sürücülərini "İcbari sığorat haqqında" qanunun tələblərinə əsasən öz avtomobillərini sığorta etməyə məcbur edir. Bundan başqa, sürücülər texniki baxışdan keçən zaman, eləcə də yol-patrul xidməti müfəttişinin tələbinə əsasən icbari sığorta haqqında sənədi təqdim etməlidirlər.

"Azərbaycanda sığortanın indiki inkişafını nəzərə alaraq, bu əlavələrin edilməsi labüd olub, - qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. - Qeyd etmək istəyirəm ki, son vaxtlar beynəlxalq təşkilatlar və mətbuat Azərbaycanda "Yol hərəkəti haqqında" qanuna dəyişiklikləri müsbət qiymətləndirir".

Bundan başqa, cümə günü parlamentin iclasında "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi də təsdiq edilib.

Cinayət Məcəlləsinə edilən əlavədə nəzərdə tutulur ki, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsaletmə, satma və ya satış məqsədilə əldəetmə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Belə cinayətə görə 1000 manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinə edilən əlavəyə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilməsi inzibati hüquqpozma hesab edilir.

Bu huquqpozmaya görə həmin texniki vasitələr müsadirə edilməklə, 200 manatdan 400 manatadək cərimə nəzərdə tutulub.

Cümə günü parlamentin iclasında Azərbaycanın Latviya və Küveytlə hökumətlərarası sazişləri də ratifikasiya edilib.

Xəbər lenti

Xəbər lenti