...

TÜRKPA Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək

Siyasət Materials 29 Mart 2011 11:18 (UTC +04:00)
TÜRKPA beynəlxalq müşahidəçilər missiyası 2011-ci ilin 1-5 aprel tarixləri arasında Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək məqsədilə bu ölkəyə səfər edəcək.
TÜRKPA Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M. Əliyev/

TÜRKPA beynəlxalq müşahidəçilər missiyası 2011-ci ilin 1-5 aprel tarixləri arasında Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək məqsədilə bu ölkəyə səfər edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı TÜRKPA-nın mətbuat xidmətindən bildirilib.

Müşahidəçilər missiyasının tərkibinə Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentlərinin millət vəkilləri və TÜRKPA baş katibi daxildir. TÜRKPA beynəlxalq müşahidəçilər missiyası öz işinə Astana şəhərində başlayacaq.

Müşahidəçilər missiyasının səfəri Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin dəvəti əsasında həyata keçiriləcək. Səfər çərçivəsində TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının Qazaxıstanın dövlət katibi - xarici işlər naziri Kanat Saudabayev və Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulov ilə görüşü nəzərdə tutulub.

TÜRKPA beynəlxalq müşahidəçilər missiyası seçkilərin nəticələrinə dair yekun rəyini 4 aprel tarixində keçiriləcək mətbuat konfransında açıqlayacaq.

Qazaxıstanda aprelin 3-də keçiriləcək növbədənkənar prezident seçkilərinin müşahidəsi TÜRKPA-nın sayca 3-cü seçki müşahidəsi olacaq.

Bundan öncə TÜRKPA müşahidəçilər missiyası 10 oktyabr 2010-cu ildə Qırğızıstanda və 7 noyabr 2010-cu ildə Azərbaycanda keçirilmiş parlament seçkilərini izləyib.

Xəbər lenti

Xəbər lenti